“Heydər Əliyev ili” çərçivəsində, 22 noyabr - Ədliyyə orqanlarının 105 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətində silsilə tədbirlər keçirilir.
"Unikal" xəbər verir ki, tədbirlərin təşkilində əsas məqsəd azadlıqdan məhrum edilmiş şəxslərin sosial reabilitasiyasının gücləndirilməsi və onların cəmiyyətə reinteqrasiyasının möhkəmləndirilməsindən ibarətdir.
Bu baxımdan penitensiar xidmətin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında cəza çəkən məhkumlar arasında video formatda keçirilmiş şahmat turniri böyük maraqla qarşılanıb. İlkin mərhələdə cəza çəkdikləri müəssisə daxilində güclərini sınayan məhkumlar arasında qaliblər müəyyən edilib. Daha sonra müxtəlif müəssisələrdən seçilmiş ən güclü iştirakçılar bir-biriləri ilə mübarizə aparıblar.
Yarışlar Şahmat Federasiyasının əməkdaşı, beynəlxalq dərəcəli hakim Elşad Abdullayevin nəzarətində Lichess.org platformasında İsveçrə sistemi ilə onlayn formatda keçirilib. Yarışın yekununda birinci yerə 6 xalla məhkum Müşfiq Əliyev, ikinci yerə 5,5 xalla Faiq Məmmədov, üçüncü yerə isə 5 xalla Məhəmməd Səmədov layiq görülüblər.
Qaliblər xidmət rəhbərliyi tərəfindən kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.