Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində Laçın rayonuna növbəti infotur təşkil edib.
"Unikal" xəbər verir ki, infotur iştirakçılarına I Dövlət Proqramında təsbit olunmuş tədbirlərin icrası və Prezident İlham Əliyevin verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülən işlər barədə məlumat verilib. Ziyarətçilərə bildirilib ki, Laçın şəhərində və eləcə də Laçın rayonunun Zabux kəndində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən sonra keçmiş məcburi köçkünlər doğma yurdalarına qayıdırlar. Laçın şəhərində geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olan infotur iştirakçıları buradakı yaradılan yeni iş yerləri və digər infrastruktur obyektlərinə baş çəkib, sakinlərlə söhbətləşiblər.
Ziyarətçilər Laçın rayonunda bu ilin avqust ayında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı keçirilən “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunda da olublar. Pavilyonda nadir dekorasiyalar - təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb. Bu da infotur iştirakçılarının daha çox diqqətini cəlb edib.
İnfotur iştirakçıları daha sonra Laçın rayonunda yaradılmış iş yerləri - mebel fabriki və heyvandarlıq təsərrüfatının işi ilə yaxından tanış olublar. Ziyarətçilərə bildirilib ki, iş yerlərində çalışlanların mütləq əksəriyyəti Laçın rayon sakinləridir.
Daha sonra infotur iştirakçıları Laçın rayonunun Zabux kəndinə gediblər, doğma yurda qayıtmış sakinlərin qonağı olublar. Sakinlər kənddə yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər. İnfotur iştirakçıları Zabux kəndində çəkilişlər aparıblar. Onları maraqlandıran suallar cavablandırılıb.
İnfoturda müxtəlif özəl yaradıcılıq subyektlərinin rəhbərləri və əməkdaşları, o cümlədən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri ilə bağlı Dövlət Komitəsinin tərəfdaşı olan şirkətlərin nümayəndələri iştirak ediblər.
Səfər iştirakçıları infoturun məhsuldar və faydalı olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.