UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən növbəti tədbir "Heydər Əliyev - 100: Dövrün fəlsəfəsi və liderlik missiyası” mövzusunda olub.
"Unikal" xəbər verir ki, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun təqdimatında keçirilən tədbirdə UNEC rektoru professor Ədalət Muradov, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.
Rektor Ədalət Muradov UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini bildirib. Bu günkü tədbirin çağdaş dövrün tanınmış filosofu, Ulu Öndər Heydər Əliyev irsini dərindən öyrənən alim Səlahəddin Xəlilovun təqdimatı ilə keçiriləcəyini deyib.
Rektor Ümummilli lider Heydər Əliyev zirvəsini fəth etmək üçün yeni-yeni tədqiqatların aparılmasının vacibliyindən danışıb. O, Ulu Öndərin irsi haqqında ən dəyərli kitabların yazılaraq, gələcək nəsillərə ötürülməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Ədalər Muradov Ulu Öndərə həsr olunan növbəti tədbirin dövlət xadimi, diplomat Həsən Həsənovun iştirakı ilə keçiriləcəyini diqqətə çatdırıb.
Professor Səlahəddin Xəlilov çıxış edərək, Heydər Əliyev dövrünün fəlsəfəsindən və dahi şəxsiyyətin liderlik missiyasından danışıb. Alim Heydər Əliyev şəxsiyyətini onun fəlsəfi dünyagörüşü kontekstində təhlil edərək, Ulu Öndərin timsalında dünyada baş verən hadisələrə münasibət bildirib. O, Heydər Əliyevin siyasətinin təməlində yüksək ali məqsədlərin dayandığını və bu siyasətin ədalətə xidmət etdiyini vurğulayıb. Səlahəddin Xəlilov Azərbaycanın dünya miqyasında tanınmasında Ulu Öndərin şəxsiyyətinin mühüm rol oynadığını diqqətə çatdıraraq, beynəlxalq siyasi arenada Heydər Əliyevin nümayiş etdirdiyi diplomatik bacarıqları və yüksək şəxsi keyfiyyətləri barədə xatirələrini iştirakçılarla bölüşüb.
İştirakçıların böyük maraqla dinlədikləri çıxışdan prof. Səlahəddin Xəlilov onların suallarını cavablandırıb.
Görüşün sonunda professor Səlahəddin Xəlilov Ümummilli Lider Heydər Əliyevin fəlsəfi fikirlərindən bəhs edən “Müstəqillik yolu” adlı 60 kitabı UNEC kitabxanasına hədiyyə edib.