Noyabrın 21-də Qızılağac Milli Parkında Azərbaycanda ilk dəfə "Flaminqo festivalı" keçirilib.
"Unikal" xəbər verir ki, tədbirlərlə yadda qalan festival çərçivəsində iştirakçılar üçün Qızılağac Milli Parkı ərazisində qayıq və kvadrasikllarla gəzinti təşkil edilib, ziyarətçilər körfəz ərazisində quş koloniyalarını müşahidə ediblər.
Festivalda konsert proqramı təşkil olunub, ziyarətçilər stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı qazanıblar.
Festival çərçivəsində 1 milyon çəkikimi balıq körpəsi Qızılağac Milli Parkının körfəz ərazisinə, milli parkın faunasına xas olan turac quşları isə təbiətə buraxılıb.
Festival xüsusilə turistlərin marağına səbəb olub, iştirakçılar təbiətin möhtəşəmliyi ilə tanış olmaq imkanı qazanıblar.
Xatırladaq ki, festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkını tərənnüm edən simvollar nümayiş etdirilib.
Festivalda dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib, 500-dən artıq turist tədbirlərə qatılıb.