Azərbaycan Dillər Universitetində (ADU) "Azərbaycanşünaslıq" Elmi Mərkəzi, Beynəlxalq Jurnalistika Şöbəsinin birgə təşkilatçılığı ilə universitetin nəşri olan, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" adlı kitabın təqdimatı və müzakirəsi keçirilib.
"Unikal" xəbər verir ki, təqdimat mərasimində çıxış edən universitetin rektoru akademik Kamal Abdulla kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü çatdırıb, kitab haqqında məlumat verib. Kitabın əhəmiyyətindən danışan rektor gənc tədqiqatçıların elmi işində onlar üçün böyük töhfə verəcəyini də söyləyib:
“Çox mürəkkəb dövrü əhatə edən bu kitab dünya ölkələrində, əsasən, xarici ölkələrdə Azərbaycana qarşı münasibəti ortaya qoydu. Bu münasibət müxtəlif yazılarda özünü göstərirdi. Həmin dövr Ulu öndər Heydər Əliyevin ikinci hakimiyyəti dövrünə təsadüf edir.
Kitabda 1993-2003-cü illərdə Azərbycan və onun ətrafında baş verən hadisələrin Amerika, Avstraliya, Kanada və digər ölkələrin ingilisdilli mətbuatında Azərbaycan haqqında dərc olunan məqalələrin Azərbaycan dilinə tərcüməsi yer alıb. Kitab həmçinin hər bir istiqamətdə elmi iş yazan gənc alimlər və tələbələr üçün faydalı olacaq”.
Universitetin prorektorları - Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, - Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova yeni nəşrin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, kitab müvafiq sahədə faydalı əhəmiyyətə malikdir.
Təqdimatda kitabın elmi redaktoru, Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov, kitabın rəyçisi, "Azərbaycanşünaslıq" EM-in baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov, Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Aynurə Hüseynova çıxış ediblər.
Məruzəçilər fikir və mülahizələr zamanı, kitab üzərində işin təkcə məqalələr üzərində Azərbaycan dilinə tərcümə edilməsi ilə məhdudlaşmadığını, eyni zamanda, Azərbaycan reallıqlarını mətbuat səhifələrində işıqlandırmağa çalışan bəzi müəlliflərin yol verdikləri qeyri-dəqiqliklər, təhriflər və ya saxtalaşdırmalarla üzə çıxarıldığını və belə məqamların hər biri barədə, həmçinin kitaba daxil edilən materiallarda öz əksini tapan hadisə və proseslərlə bağlı olan şəxslər, şəhər və kəndlər haqqında da müvafiq şərhlər verildiyi haqqında söhbət açıblar. Kitabı siyasətçilər, tarixçilər, regionşünaslar, diplomatlar və digər mütəxəssislər üçün son dərəcə faydalı vəsait kimi qiymətləndiriblər.
Həmçinin qeyd olunub ki, kitabda yer alan məqalələr əsasən Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın neft-qaz sənayesi, siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları əhatə etdir. Kitabın ictimai-siyasi, elmi və didaktik əhəmiyyətə malik olduğu da vurğulanıb.
Təqdimat tələbələrin sualları ilə davam edib.
Qeyd edək ki, layihənin ideya rəhbəri Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulladır. Layihənin icraçı-koordinatorları ADU-nun "Azərbaycanşünaslıq" Elmi Mərkəzinin müdiri, tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov və "Azərbaycanşünaslıq" Elmi Mərkəzinin elmi işçisi Suğra Ələkbərlidir.
Kitabın tərtibçiləri Şəhla Xudiyeva, Nərgiz Seyidova, Aysu Hüseynli, Pərvanə Cəfərova, Röya Əzizova, İradə Bəylərova, Gülnar Nağıyeva, İlahə Tağızadə, Eleonora Babayeva, Sabir Əliyev, Təvəkkül Zeynallıdır.
Layihənin məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradovdur.
Rəyçiləri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, ADU-nun "Azərbaycanşünaslıq" Elmi Mərkəzinin baş elmi işçisi Solmaz Rüstəmova-Tohidi, Bakı Dövlət Universitetinin Slavyan tarixi kafedrasının müdiri Abutalıb Cəlilovdur.
Akademik Kamal Abdullanın rəhbərliyi ilə həyata keçən bu layihə-kitabda müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan haqqında yazılmış mühüm yazıların tərcüməsi və onlara münasibəti ifadə edən şərhlər də öz əksini tapmışdır. Təqdim olunan bu kitabda Azərbaycanın siyasi-ictimai fikrinin istiqamətini, qonşu xalqın işğalçılıq siyasətini müəyyən etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini bilmək üçün xüsusi əhəmiyyət kəsb edir.