Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Ayxan Mirzəyevin (ad-soyad şərti) barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb.
"Unikal" xəbər verir ki, bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Bəhruz Orucov məlumat verib.
B.Orucov müvəkkili dəymiş ziyanın əhəmiyyətli hissəsini ödədiyinə, eyni zamanda himayəsində azyaşlı uşaqları olduğuna və daimi yaşayış yerinin olmasına görə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib. Qərara əsasən, A.Mirzəyev barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Qeyd edək ki, A.Mirzəyev polisə daxil olmuş şikayətlər əsasında 2023-cü ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.4 (xeyli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.