24 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının nümayəndələri ilə görüş keçirilib. İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, institut rəhbərliyi, şöbə və laboratoriya müdirləri, partiya fəalları və gənc tədqiqatçılar iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbiri giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ölkənin müstəqilliyi və inkişafı istiqamətindəki misilsiz xidmətlərindən, YAP-ın yaranması və inkişaf edərək ümumxalq partiyasına çevrilməsindən danışıb. Azərbaycanın tarixində çətin dövrlərdən biri olan ötən əsrin 80-90-cı illərini ətraflı şəkildə xarakterizə edən akademik o zamankı ölkə rəhbərliyinin səriştəsizliyi nəticəsində geniş vüsət alan daxili və xarici təzyiqlərdən, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının rifahı uğrunda apardığı mübarizədən bəhs edib. Ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələnin Ulu Öndərin Siyasi kursunun davamçısı, cənab İlham Əliyevin hakimiyyətə gəlməsi ilə başlandığını bildirən Ə.Abbasov hazırda sözügedən sahələrdə dövlət strategiyasının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

“Heydər Əliyev ili” çərçivəsində rəhbərlik etdiyi elmi müəssisədə həyata keçirilən beynəlxalq konfrans və elmi tədqiqat işlərdən bəhs edən akademik Azərbaycanda ilk dəfə olaraq keçirilən Virtual Robotların yığıncağı konfransının önəminə toxunub. İSİ-də ölkənin iqtidar partiyasına çevrilən YAP-a göstərilən dəstəkdən söz açan Ə.Abbasov partiya sıralarına qoşulan əməkdaşların statistikası barədə iştirakçılara məlumat verib. Çıxışının sonunda Azərbaycan tarixində əlamətdar hadisələrindən olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən Ə.Abbasov partiyaya dövlətçiliyin inkişafı istiqamətində yeni uğurlar arzu edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək təkcə Azərbaycanda deyil, ümumilikdə SSRİ məkanında yüksək iradəsilə seçilən Heydər Əliyevin XX əsrin 60-80-ci illərində yürütdüyü uzaqgörən siyasətindən, ölkənin çiçəklənməsi, azərbaycançılıq məfkurəsinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. XX əsrin 60-cı illərində sosial-iqtisadi sferalarda dərin və uzunmüddətli böhranın baş verdiyi, olduqca mürəkkəb bir şəraitdə Azərbaycanın iqtisadi göstəricilərə əsasən Sovet Ittifaqı respublikaları arasında sonuncu yerdə olduğunu bildirən B.Nəbiyev 1969-cu iyulun 14-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəlməsilə inkişaf tarixinin başlanğıcının qoyulduğunu bildirib. Qeyd edib ki, məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində uzunmüddətli gerilik dövrü mütləq inkişafla əvəz edildi, böhranın aradan qaldırılmasına nail olundu. Heydər Əliyevin fədakar əməyi, xüsusi təşkilatçılığı və diplomatik sahələrdə qabaqcıl dünya dövlətlərilə qurulan əməkdaşlıq əlaqələri sayəsində iqtisadi inkişaf dinamikası artdı, Azərbaycan müasir ölkələr sırasında nüfuzlu dövlət kimi öz layiqli yerini tutub. 

YAP-ın yaranması və inkişaf tarixindən ətraflı şəkildə bəhs edən B.Nəbiyev Ulu Öndərin təşəbbüsü ilə imzalanan, ölkənin iqtisadi inkişafına istiqamətlənən “Əsrin müqaviləsi”nin XX əsrin 90-ci illərində mütərəqqi hadisələrdən biri olduğunu bildirdi. O, Azərbaycanda qabaqcıl texnologiya istehsalı, elmi nailiyyətlərinin istehsalata tətbiqi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi və bir çox sahələrdə Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib. 

Bu gün Ulu Öndərin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirən B.Nəbiyev müasir dövrdə müxtəlif sahələrdə ölkənin inkişafına istiqamətlənən quruculuq işlərindən bəhs edib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər, lokal xarakterli antiterror əməliyatının tam dəqiqliklə həyata keçirilməsi və cari ilin oktyabr ayında Xankəndidə, digər ərazilərimizdə üçrəngli dövlət bayrağımızın ucaldılması Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbələr qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün tam bərpasına nail olub. 

Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək YAP-ın tarixindən, xüsusən də XX əsrin 90-cı illərində baş verən proseslərdən, ağır ictimai-siyasi şəraitdən bəhs edib, öz xatirələrini bölüşüb. Məhz həmin dövrdə Ümumilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin hərtərəfli inkişafı istiqamətində əvəzsiz xidmətlərindən bəhs edən akademik qeyd edib ki, Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra partiyanın həyatında yeni inkişaf mərhələsinin başlanğıcı qoyulmuşdur. Belə ki, partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında tutduğu mövqe möhkəmlənmiş, ictimai həyatın bütün sahələrində yüksək fəallıq nümayiş etdirmişdir. T.Əliyev hazırda ölkə başçısı İlham Əliyevin sədrliyi ilə partiya tərəfindən müxtəlif sahələri əhatə edən əhəmiyyətli qərarların qəbul edildiyini vurğulayıb.

Daha sonra İSİ-nin laboratoriya müdiri, t.e.d., professor Knyaz Məmmədov çıxış edərək xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyasının yaranmasından, inkişaf istiqamətlərindən ətraflı şəkildə bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi, hərbi, siyasi-diplomatik uğurlara nail olması II Qarabağ müharibəsində qələbəmizin əsas və həlledici sütunları oldu. Qarabağa qayıdış konsepsiyasının önəminə toxunan alim işğaldan azad edilən ərazilərdə həyata keçirilən yenidənqurma işlərindən bəhs edib, Qarabağla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

İSİ-nin laboratoriya müdiri, t.e.d., Qəmbər Quliyev çıxış edərək Azərbaycanın hələ ötən əsrdə keçdiyi çətin siyasi dövrdən, Yeni Azərbaycan Partiyasının təsis edilməsindən, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin zəfərə aparan uğurlu siyasətindən ətraflı şəkildə bəhs edib. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində əldə edilən parlaq qələbədən söz açan alim, müharibənin ilk günündən sonunadək istər hərbi, istərsə də siyasi arenada ölkəni uğurla təmsil edən ölkə başçısının çoxsaylı xarici mətbuat nümayəndələrinə verdiyi müsahibələrdən, xalq ordu birliyindən bəhs edib.

İSİ-nin laboratoriya müdiri, SİNAM MMC-nin prezidenti, t.e.d., professor Elçin Əliyev kibernetika və informatikanın inkişafı istiqamətində ölkə başçısının sərəncamından irəli gələn vəzifələrdən bəhs edib, Qarabağa qayıdış konsepsiyası istiqamətində İSİ-də həyata keçirilən tədqiqatlardan danışıb. E.Əliyev Zəngilan Rayonunun Ağalı kəndində həyata yaşayış səviyyəsinin yüksəldilməsinə hədəflənən “Ağıllı kənd” layihəsindən, Qərbi Azərbaycana aid toponimlərimizin yaddaşlardan silinməsinin qarşısını almaq məqsədilə yaradılan “Qərbi Azərbaycan yaddaşı” layihəsindən və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri üçün ərazidə olan vəziyyətin nəzarət altında saxlanılması və idarə edilməsi məqsədilə həyata keçirilən “Free fields” layihəsindən ətrafı şəkildə danışıb. Sonda mözvu ətrafında müzakirələr aparılıb və gələcək hədəflər müəyyənləşdirlib.