Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi  ilə Dünya Bankının əməkdaşlığı çərçivəsində bu ilin ikinci yarısında icrasına başlanılmış  “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” qrant layihəsinin ilkin mərhələsi – iştirakçıların qeydiyyatı və seçim mərhələsi başa çatıb. 

"Unikal" xəbər verir ki, Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Rayonu üzrə Xüsusi Nümayəndəliyinin, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin təmsil olunduğu Seçim Komitəsinin iclasında layihədə iştirak üçün müraciət edən məcburi köçkünlər arasından seçilmiş 364 benefisar  təsdiq olunub. Onlar müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnəcək, biznes dəstəyi əldə edəcək, həmçinin iş yerləri və özünüməşğulluq imkanları ilə təmin olunacaqlar. 
Ümumilikdə layihədən 1000 nəfərdən çox benefisiarın bəhrələnməsi nəzərdə tutulub.

Layihədə iştirak etmək istəyən məcburi köçkünlər aşağıdakı telefon nömrələrini yığıb, layihə koordinatorları ilə əlaqə saxlaya bilərlər: +994 55 9001498;    +9949001499.