"Gotham" Mükafatları ötən gecə Nyu-Yorkda keçirilən mərasimdə qaliblərini tapıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Leonardo Di Kaprio və Lili Qladstonla birlikdə “Dolu Ay Qatilləri” filmində rol alan Robert De Niro “Tarixi İkon və Yaradana Hörmət” mükafatını vermək üçün səhnəyə çıxıb və səhnədə hazırladığı nitqi oxuyub.

Maraqlısı budur ki, dünya şöhrətli  aktyor çıxışı zamanı ABŞ-nin eks-prezidenti Donald Trampı hədəf alıb:

"Yalan danışmaq şarlatanın arsenalında daha bir alətə çevrilib. Keçmiş prezident 4 illik prezidentliyi dövründə bizə 30 mindən çox yalan danışıb və indiki qisas kampaniyasını davam etdirir. Bütün yalanlarına baxmayaraq, ruhunu gizlədə bilmir".  

Aktyorun bu sözlərindən sonra mikrofon söndürülüb.  

Telefonunu cibindən çıxaran Robert De Niro bu dəfə çıxışının kəsilməmiş variantını oxuyub: "Tarix artıq o tarix deyil. Həqiqət o  həqiqət deyil. Hətta faktlar da alternativ faktlarla əvəz olunur. Bu, sui-qəsd nəzəriyyələri və çirkinlikdən qaynaqlanır. Floridada gənc tələbələrin bacarıqları şəxsi mənfəət üçün inkişaf etdirilir". 

Aktyorun bu hərəkəti zalda birmənalı qarşılanmayıb. 

Gülayə Mecid