"Yerli büdcə gəlirlərinin artımına nail olmaq üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən səmərəli istifadə olunması, xüsusən icarəyə verilmiş torpaq sahələrinin icarə haqlarının mövcud bazar məzənnələrinə uyğunlaşdırılması üçün bələdiyyələrlə davamlı iş aparılır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

O bildirib ki, 2021-2022-ci illər ərzində bələdiyyələr tərəfindən 34 min hektardan çox torpaq sahəsini əhatə edən 3900-dən artıq icarə müqaviləsi üzrə qiymətlərin bazar məzənnələrinə uyğunlaşdırılması nəticəsində həmin icarə müqavilələri üzrə ümumilikdə icarə haqqının məbləği 1.5 milyon manat artaraq 2.9 milyon manata qalxıb.

R.Məmmədov qeyd edib ki, ölkə üzrə bələdiyyə büdcələrinin gəlirləri 2022-ci ilin yekunlarına görə 47.4 milyon manat təşkil edib.

"2020-2022-ci illərdə bələdiyyələrin ümumi büdcə gəlirləri 2019-cu illə müqayisədə 12.4 milyon manat (35%), yerli vergilərdən daxilolmalar isə 6 milyon manat (43%) artıb. Bakı bələdiyyələri üzrə isə son iki ildə büdcə gəlirləri 58%, yerli vergilərdən daxilolmalar isə 73% artıb".