“Parlamentin əsas məqsədi odur ki, qanunu müzakirə eləsin. Yəni, çıxış edən deputatların heç biri demədi ki, biz bu qanunun əleyhinə, yaxud da lehinəyik”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“Milli Məclis demokratik bir qurumdur və bu demokratik mühitdə də müzakirə gedir. Hər kəs də öz fərqli düşüncəsini, fərqli fikrini ortaya qoyur. Əsasda səs çoxluğu ilə hansı fikir qəbul olunursa, o şəkildə də səs verir. Sosial şəbəkələrdə Azərbaycanı istəməyən insanlar var. Hərbi ümumiyyətlə ən həssas bir məqamdır. Bütün ölkələrdə hərbi ilə bağlı hər hansı bir dəyişiklik ortaya çıxanda onun mənfi tərəflərini axtarıb tapmaq istəyirlər. Bu da lazım deyil. Əslində burada yeganə mübahisə doğuran bir məsələ beş il müddətin artırılmasıdır. Mən hesab edirəm ki, burada dəfələrlə söylənildi ki, bu ordumuzun milli maraqlarımızı təmin edəcək qüdrətdə, gücdə olması üçün atılan addımdır”, - deyə deputat bildirib.

Anar Kəlbiyev