“Qızılcaya yoluxma müşahidə edildiyi zaman mütləq həkimə müraciət etmək lazımdır”.

Bunu "Unikal"a açıqlamasında Diaqnoz Tibb Mərkəzinin Həkim-Pediatrı Yeganə Zeynalova deyib.

Onun sözlərinə görə, son dövrlərdə qızılcaya yoluxma sayında artım müşahidə edilir:

"Qızılca-Measles morbillivirus tərəfindən törədilən kəskin yoluxucu virus xəstəliyidir. İlk öncə qeyd edək ki, qızılca xəstəliyinə çox ciddi yanaşılmalıdır və yeganə qorunma yolu peyvənddir!!!

Bütün yaş qruplarında rast gəlinməklə bərabər 2-10 yaş arası uşaqlarda rastgəlmə tezliyi artır. Hazırda yoluxmalar məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Qızılcanın xüsüsi müalicəsi yoxdur, yalnız dəstək müalicəsi edilir. Bu xəstəliyi ağır keçirən uşaqların əksəriyyəti: peyvənd olunmayanlar, immunodefisit problemi və xroniki xəstəlikləri olanlardır. Ağırlaşmaları olan bütün uşaqlar stasionar müalicə almalıdırlar.

Qızılcanın mərhələləri

Xəstəliyin gedişatında 3 mərhələ ayırd edilir: kataral, səpgi, piqmentasiya. İnkubasiya dövrü əsasən 6-17 gündür, lakin çox hallarda 8-11 gün davam edir. Kataral dövrdə ümumi intoksikasiya əlamətləri meydana çıxır. Öskürək, burundan selikli ifrazatın gəlməsi, hərarətin 38-39 S olması, konyuktivit, qırtlaq ödəmi və s. xarakterikdir. Bu dövr 4-5 gün çəkir. Daha sonra səpgilər dövrü başlayaraq 3-4 gün davam edir. Səpgi əvvəl çəhrayı ləkələr şəklində burun ətrafında, qulaq ardında, göz qapaqlarında eləcə də bütün sifətə boyuna və döşün yuxarı hissələrinə yayılır. Bəzən səpgilər bir birilə birləşirlər 2-ci gün gövdəyə və qollara yayılır. 3-cü günü isə bütün bədən səthində olur. Səpginin bu cür etap şəklində olması qızılca üçün differensial diaqnostik əhəmiyyətə malikdir. Piqmentasiya dövründə isə səpgilər tündləşir və qəhvəyi rəng alır. Bu dövr 5-8 gündür. Səpgilər itdikdən sonra kəpəkvari qabıqlanma meydana çıxır və üzdə daha yaxşı nəzərə çarpır. Piqmentasiya dövründə xəstənin ümumi vəziyyəti yaxşılaşır, kataral əlamətlər zəifləyir, temperatur normallaşır. Keçirilmiş qızılcadan sonra uzun müddət asteniya və anergiya vəziyyəti qalır. Bu səbəbdəndir ki, xəstəlik keçirmiş adamlarda klinik sağalmaya baxmayaraq hələ də bir müddət yorğunluq, ümumi halsızlıq, yuxu pozğunluğu qeyd edilə bilər. Tədqiqatlar göstərmişdir ki, böyüklərdə uşaqlarda olduğuna nisbətən daha ağır keçir. Keçirilmiş qızılcadan sonra davamlı immunitet əmələ gəlir. 

"Qızılca ilə bağlı bilməli olduqlarımız" - Diaqnoz Tibb Mərkəzinin Həkim Pediatrı açıqladı (FOTO)

Fəsadları 

Qızılca ciddi bir xəstəlikdir. Qızılca ilə xəstələnən insan işə və məktəbə gedə bilməyəcək şəkildə halsız və hərarəti yüksək olur. Eyni zamanda bu xəstəliyin səbəb olduğu fəsadları göz önünə almaq lazımdır. Xəstəlik diqqətə alınmazsa ağciyər iltihabı (pnevmoniya), orta qulaq iltihabı (otit), beyin qişalarının iltihabı (ensefalit), ürək əzələsinin iltihabı (miokardit) və s. kimi fəsadlarla nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə hər 1000 qızılca xəstəsindən ən azı 1-3 xəstədə ağırlaşma halı qeydə alınır.