"Rusiya F-16 qırıcılarının Polşa, Rumıniya və Slovakiya aerodromlarından mümkün uçuşunu bu ölkələrin Ukraynadakı münaqişədə iştirakı kimi nəzərdən keçirəcək"

"Unikal" xəbər verir ki, bunu Vyanada danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib. Onun verdiyi məlumata görə, bu, Rusiyanı cavab tədbirləri görməyə məcbur edəcək.

"Biz qəti şəkildə xəbərdar edirik ki, bu qırıcıların NATO üzvü olan bu ölkələrin ərazisindən istifadə edilməsi Moskva tərəfindən onların Ukraynadakı münaqişədə iştirakı kimi qiymətləndiriləcək ” - Qavrilov bildirib .

Diplomatın sözlərinə görə, Ukraynada aerodromların dağıdılması səbəbindən Kiyevə verilən F-16-ların Rumıniya, Slovakiya və Polşadakı hava bazalarından Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə oluna biləcəyi ilə bağlı fikirlər yaranmağa başlayıb. O, ABŞ və müttəfiqlərinin Rusiyanın qərb sərhədlərində təhlükəsizlik təhdidləri yaratmağa davam etdiyinə diqqət çəkib.

Qavrilov vurğulayıb ki, NATO ölkələrinin milli doktrinalarında qlobal və regional üstünlük iddiaları öz əksini tapıb.  Mənbə bildirib ki, Alyans üzvləri buna hərbi gücün köməyi ilə nail olmaq niyyətindədirlər.

Sentyabrda Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı demişdi ki, F-16-ların Ukraynaya verilməsi münaqişənin uzanmasına gətirib çıxaracaq.