Müşavirə qarşıdan gələn seçkilərin ən yüksək səviyyədə keçirilməsi üçün üzərimizə düşən vəzifələrin müzakirəsi baxımından önəmlidir. Azərbaycanın seçki təcrübəsi, əldə etdiyi nailiyyətlər nəinki cəmiyyətimizdə, eyni zamanda, hər dəfə ölkəmizdə seçkiləri izləyən beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilir. Əldə olunan bu nailiyyətlərdə yerlərdə seçkilərin keçirilməsinə məsul olan şəxslərin əməyi çox böyükdür.

"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə söyləyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda hər dəfə seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi çox böyük rol oynayıb. Dövlətimizin başçısı seçkilərdə şəffaflığın təmini ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısında çox ciddi vəzifələr qoyub.

“Ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur. Buna görə də Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”, - deyə Zeynal Nağdəliyev vurğulayıb.