Hazırda Formula 1 çempionatında üç reqlament mövcuddur: texniki, maliyyə və idman. 2026-cı ildə dördüncü – ekologiya reqlamenti yaradılacaq və bütün komandalar bu reqlamentə riayət etməli olacaqlar.
"Unikal" xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlar üzrə yürüşlərinin direktoru Nikolas Tombasis deyib.
“Dördüncü reqlamentin yaradılması 2030-cu ilədək Formula 1-in karbon qazı neytrallığında ortamüddətli və uzunmüddətli məqsədlərə nail olunması yolunda ilk addımların atılmasına istiqamətlənib. Ehtimal ki, 2026-cı ilədək tam neytrallığa nail olacağıq, lakin biz təməl yaratmağa çalışırıq və bu təməl əsasında tədricən, ilbəil komandalar üçün məhdudiyyətlər quracağıq”, - o qeyd edib.
FIA rəsmisinin sözlərinə görə, komandalar ilə artıq bir neçə görüş keçirilib, ən yaxşı strategiyanın işlənib hazırlanması üçün FIA, FOM (“Formula One Group”) və komandalar arasında bu cür görüşlər vaxtaşırı təşkil ediləcək.
“Bu məqsədlərə nail olmaq üçün bizə qaydalar lazımdır. Hesab etmirik ki, bu, X, Y və Z məsələlərini könüllü olaraq yerinə yetirmələri barədə komandalara bizim sadəcə müraciətimiz ola bilər. Yeni reqlamentin olması vacibdir. İndi biz onun necə və hansı formada qəbul olunacağını, karbon qazı tullantılarının həddini məhdudlaşdıracağımızı, yaxud da fəaliyyətin konkret növlərinə, istifadə olunan materiallara, yürüşə gələn insanların sayına və s. bir sıra məhdudiyyətlərin olacağını müzakirə edirik”, - deyə N.Tombasis əlavə edib.