İnterpol 34 ölkədə həyata keçirdiyi əməliyyatlar nəticəsində 3500 hakeri yaxalayıb. Əməliyyatlar zamanı ələ keçirilən hakerlik və fırıldaqçılıq nəticəsində əldə edilən pulun məbləği 300 milyon dollara çatıb.

"Unikal" xəbər verir ki, beynəlxalq polis qüvvəsi olan İnterpol çərşənbə axşamı elan edib ki, son illərdə kibercinayətkarlara qarşı ən böyük əməliyyatlardan birini həyata keçiriblər.

34 müxtəlif ölkədə eyni vaxtda həyata keçirilən və 6 ay (iyul-dekabr 2023-cü il) müddəti əhatə edən Haechi IV əməliyyatında 3500 haker yaxalanıb.  İnterpol 82 min 112 şübhəli bank hesabını bloklayıb və ümumilikdə 199 milyon ABŞ dolları xarici valyuta və 101 milyon ABŞ dolları virtual aktivə həbs qoyub.

Əməliyyatdan sonra edilən açıqlamada, "300 milyon dolların ələ keçirilməsi şok edici bir məbləğdir və transmilli mütəşəkkil cinayətkarlığın bugünkü partlayıcı artımının altında yatan stimulu ortaya qoyur"-bildirilib.

İnterpolun Polis Xidmətlərinin İcra Müdiri Stiven Kavanaq deyib: “Bu külli miqdarda qeyri-qanuni sərvət yığılması qlobal təhlükəsizliyə ciddi təhlükə yaradır və dünya ölkələrinin iqtisadi sabitliyini pozur”. Əməliyyat kiber fırıldaqçılığın 7 növünü hədəf alıb: səs fişinqi, romantik fırıldaqçılıq, onlayn sekstortion, investisiya fırıldaqçılığı, qanunsuz onlayn qumar oyunları ilə əlaqəli çirkli pulların yuyulması, kommersiya e-poçt kompromis fırıldaqçılığı və e-ticarət fırıldaqlığı.

İşlərin 75 faizi investisiya fırıldaqçılığı, kommersiya e-poçtlarının ələ keçirilməsi və e-ticarət fırıldaqları olub.

Əməliyyat çərçivəsində Filippin və Koreya səlahiyyətliləri arasında əməkdaşlıq nəticəsində Koreya Qırmızı Bildirişinin mövzusu olan yüksək profilli onlayn qumar şəbəkəsinin lideri də tutulub.