Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - MOİK oyununun hakim təyinatları müəyyənləşib.
"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Xankəndidə oynanılacaq matçı Əli Əliyev idarə edəcək. Onun köməkçiləri Şirmamed Mamedov və Taleh Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Görüşün VAR hakimi Cavid Cəlilov olacaq, ona Kamran Bayramov kömək edəcək.
Hakimlərin işinə Munis Abdullayev qiymət verəcək. Oyunda AFFA nümayəndəsi kimi Emin Cəfərov fəaliyyət göstərəcək.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.