19-20 dekabr 2023 cü il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universitetinin, Türkiyə Respublikasının İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” və “Çinar Yayımları” nəşriyyatının tərəfdaşlığı ilə Qlobal və Regional İnkişaf: “Cənubi Qafqaz regionunun iqtisadi inkişafının prioritet istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. 

"Unikal" xəbər verir ki, konfrans Azərbaycan Xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.  

Konfransda Azərbaycan və qardaş Türkiyənin dövlət rəsmiləri və ziyalıları iştirak ediblər. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov tədbiri giriş nitqi ilə açaraq müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin həyat və yaradıcılığı barədə geniş məlumat verib. Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olmasından danışıb. Rektor İ.Mədətov Ulu Öndərin açdığı elm yolunda yetişən gənclərin Azərbaycanın həm bu gününü, həm də sabahını işıqlandırdığını, ölkə başçımız İlham Əliyevin rəhbərliyi altında səylə çalışdıqlarını və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini diqqətə çatdırıb. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru iqtisad elmləri doktoru professor Vüsal Qasımlı “Orta Dəhlizin əsas drayveri” mövzusunda çıxış edib.  Türkiyədən dəvət olunan qonaqlar sırasında İqtisadi inkişaf və Sosial Araşdırmalar İnstitutunun İKSAD başqanı Mustafa Letif Emek, Strateji Düşüncə İnstitutunun Başkanı Güray Alpar, Adana Alparslan Türkeş Bilim və Texnoloji Universitetinin rektoru Prof. Dr.Mehmet Tümay, Türkiyə Xarici İşlər Nazirliyinin Böyük Elçisi Hasan Yavuz çıxış edərək Azərbaycan və Türkiyə arasındakı qardaşlığın davamı olaraq müstəqillik illərində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TRASSEKA layihələrinin reallaşması, Böyük İpək yolunun bərpası, hazırda isə Zəngəzur dəhlizinin açılması səylərindən, Qafqaz və Türk dünyası ölkələri arasında əlaqələrin genişlənməsində Heydər Əliyevin müstəsna rola malik olmasından danışdılar. Eyni zamanda Azərbaycan Respublikası və Türk Cümhuriyyətinin möhkəm təməllər üzərində qurulan iqtisadi, hərbi, sosial, elm, təhsil, mədəni sahələrdə əməkdaşlığı son nəticədə təkcə bu iki ölkənin deyil, ümumilikdə Avrasiya regionununda iqtisadi inkişaf prioritetlərinin müsbətə doğru dəyişdiyini vurğuladılar. Qeyd olundu ki, məhz Heydər Əliyevin səyi nəticəsində bağlanan Əsrin Müqaviləsinin reallaşması bu gün Azərbaycanı Cənubi Qafqaz regionunda iqtisadi cəhətdən dayanıqlı və güclü bir dövlətə çevirmişdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. 

Ulu Öndərin ölkəmizdə elmin və təhsilin inkişafı məqsədilə çoxsaylı qərarlar qəbul etməsindən, gənclərin xaricdə təhsil alması istiqamətində mühüm işlər görməsindən, başda hərb sahəsi olmaqla bir çox sahədə gənclərin qardaş Türkiyə və dünyanın digər inkişaf etmiş ölkələrinə təhsil almaq məqsədilə göndərilməsindən danışılmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində, o cümlədən ölkəmizin diplomatik arenada uğur qazanmasında yüksək təhsilli gənclərin rolunun önəmli olduğu vurğulanmışdır. 

Beynəlxalq tədbir Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı ilə yekunlaşmışdır. 

Konfransda müxtəlif ölkələrdən gələn nümayəndələrin panellər üzrə məruzələri dinlənilib və fikir mübadilələri aparılıb, səsləndirilən maraqlı fikirlərin və təkliflərin toplu şəkildə çap olunmasına qərar verilmişdir.