Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən S.Müslümov ittiham edildiyi maddələrlə təqsirli bilinib. Məhkəmə ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin həmin cəza 5 il sınaq müddəti seçilməklə şərti hesab edilib.
Eyni zamanda onun əmlaklarının müsadirə edilməsinə qərar verilib.
Prokuror S.Müslümov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqi olunmasını, 5 il sınaq müddəti olmaqla 13 il şərti həbs cəzası verilməsini istəmişdi.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. S. Müslümov iş üzrə dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonluq hissəsini ödəyib. İsrafetmə epozodu ilə bağlı isə ayrıca cinayət işi başlanıb.