Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa ilə əlaqədar hökumətə çağırış edib.
Komitə Azərbaycan hökumətini Fransaya qarşı sanksiyalar tətbiq etməyə, Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulmasına, Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılmasına, total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılmasına, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsinə çağırıb.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Fransa senatı növbəti dəfə təxribata əl atıb:
“Onlar daha bir provaktiv sənədi qəbul ediblər. Bu, Fransa parlamentində və hokumətində baş verən prosesləri bizə göstərir. Təəssüflər olsun ki, bunlar anti-Azərbaycan, islamofob, irqçi və bizim regionda sülhün qarşısını alan proseslərdir. Fransa bu destruktiv rolda özünü aparıcı oyunçu kimi təqdim edir.
Azərbaycan belə cəhdləri çox görüb. Biz 30 il işğal altında qaldığımız halda, Fransa heç bir addım atmadı. Biz özümüz torpaqlarımızı azad etdik. Bu gün onlar can-fəşanlıq etməklə və bizə qarşı olan sənədləri qəbul etməklə özlərinə daha böyük problemlər yaradırlar.
Hazırda Fransa tərəfi bizim yaydığımız bəyanatı diqqətlə öyrənir. Biz sabah Avropa Şurasına gedirik. Orada da Fransanın destruktiv mövqeyi ilə qarşılaşacağıq. Artıq bizə qarşı bəzi addımlar atmağı planlaşdırıblar.
Qəbul etdiyimiz bəyanatla Azərbaycan hökumətindən Fransaya qarşı sanksiyaların tətbiq olunmasını xahiş etmişik. Nə vaxta qədər onlara yalnız sözlərlə cavab verəcəyik? Burada Azərbaycan vətəndaşlarına qarşı casusluq edən fransalıları aşkar etməliyik. Onların hesablarını dondurmalıyıq", - deyə o qeyd edib.
Komitə sədri bildirib ki, Azərbaycanda Fransanın 100-dən çox şirkəti var:
"Onlardan ən böyüyü “Total Energy” şirkətidir. Biz onlara şərait yaratmışıq ki, Azərbaycanın sərvətindən pul qazansınlar. Həmin şirkət və digər şirkətlər Azərbaycandan çıxarılmalıdır.
Sözlərdən əmələ keçmək lazımdır və biz bunu edəcəyik. Uduzan isə Fransa olacaq. İllər boyu Fransa ilə yaxşı münasibətlər qurmaq istəmişik. Onlar isə xoş münasibəti başa düşmür.
Fransa Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqə qurmaq istəyir. Onlar bilməlidirlər ki, Azərbaycanla münasibətləri yaxşılaşdırmadan bura gələ bilməyəcəklər.
Hazırda Fransada hakimiyyətdə olan siyasi partiya daxili siyasətdə yaşadığı məğlubiyyəti xarici siyasətin hesabına ört-basdır etmək istəyir. Xarici siyasət də məğlubiyyət içərisindədir. Fransada həm daxili siyasət, həm də xarici siyasət iflasa uğrayacaq. Mən buna əminəm.
Fransanın problemi nə Azərbaycan, nə də Ermənistan deyil. Onların problemi ölkənin içərisində aparılan uğursuz, məntiqsiz və Fransız xalqının dəyərlərinə zidd olan siyasətdir".
Murad İbrahimli