Növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti bu gün başa çatıb.
"Unikal" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.
Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
Növbədənkənar prezident seçkilərində bu müddət 2024-cü il yanvarın 28-dək olan dövrü əhatə edir.
O cümlədən, səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi müddəti də 2024-cü il yanvarın 28-dək nəzərdə tutulub.