Futbol üzrə Türkiyə Superliqasında XXIII turun növbəti matçları keçirilib.
"Unikal" xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
"Başakşəhər" səfərdə "Konyaspor" üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb. “Karagümrük” doğma meydanda “Rizəspor”a 4 cavabsız qolla qalib gəlib. “Beşiktaş” bu turda məğlubiyyətlə üzləşib. İstanbul təmsilçisi Sivasda yerli komandaya minimal hesabla uduzub.
Günün son matçında isə "Fənərbağça" öz meydanında "Ankaragücü"nü üstələyib - 2:1. Hesabı 13-cü dəqiqədə qonaqlar açıblar. Penaltini dəqiq yerinə yetirən Tolqa Ciyərçi komandasını önə keçirib. Lakin paytaxt təmsilçisinin qol sevinci cəmi yeddi dəqiqə çəkib. Cengiz Ündər 20-ci dəqiqədə tarazlığı bərpa edib. Yarımmüdafiəçi 12 dəqiqə sonra isə növbəti dəfə fərqlənərək yekun nəticəni müəyyənləşdirib.
Bu nəticələrdən sonra turnir cədvəlinə 60 xalla "Fənərbağça" başçılıq edir. Bir oyun az keçirən "Qalatasaray" 57 xalla ikincidir. Üçüncü pillədəki "Trabzonspor"un 37, dördüncü sıradakı "Beşiktaş"ın isə 36 xalı var.
Tura yanvarın 29-da keçiriləcək dörd oyunla yekun vurulacaq.