Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində qalib olub.
"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıqlayıb.
M.Pənahov 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsinin 6102-dən (93,35 faiz) nəticələrin MSK-ya daxil olduğunu bildirib. Qeyd edib ki, həmin protokollar üzrə etibarlı hesab edilmiş səslərin sayı 4 milyon 651 min 473-ə bərabərdir. Bu etibarlı səslər namizədlər arasında aşağıdakı kimi bölünüb:
Lider namizəd Əliyev İlham Heydər oğlu - 4 milyon 281 min 625 səs (92,05 faiz);
Əliyev Fuad Ağası oğlu - 24 min 799 səs (0,53 faiz);
Həsənquliyev Qüdrət Müzəffər oğlu - 81 min 799 səs (1,76 faiz);
Musayev Elşad Nəbi oğlu - 31 min 33 səs (0,67 faiz);
Mustafa Fazil Qəzənfər oğlu - 92 min 980 səs (2 faiz);
Nurullayev Razi Qulaməli oğlu - 37 min 386 səs (0,80 faiz);
Oruc Zahid Məhərrəm oğlu – 101 min 851 səs (2,19 faiz).
MSK sədri bildirib ki, çox az sayda məntəqə üzrə məlumatlar MSK-ya daxil olmayıb ki, bunlar da nəticələri dəyişməyə qadir deyil: "Hesab edirəm ki, artıq səhərdən biz bu dairə seçki komissiyalarının protokollarını qəbul edəcək və həmin protokollar üzrə lider namizədin səslərini müəyyənləşdirəcəyik. Ayın 9-da dairə seçki komissiyalarının protokolları əsasında seçkinin nəticələrini ictimaiyyətə təqdim edəcəyik. Bundan sonra daxil olan sənədləri araşdırıb MSK-nın iclasına çıxaracaq və səsvermənin nəticələri ilə bağlı yekun protokolu təsdiqləyib qəbul edəcəyik. Beləliklə, MSK səviyyəsində seçkilərə yekun vurub protokolu təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərəcəyik.
Konstitusiya Məhkəməsi MSK-nın təqdim etdiyi sənədləri araşdırıb qərar qəbul edəcək. Konstitusiya Məhkəməsinin qərarı qətidir və bu qərardan sonra lider namizəd seçilmiş hesab olunur. O, andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayacaq".
Sədr qeyd edib ki, seçkilər çox yüksək səviyyədə hazırlanaraq keçirilib. Bu seçkilərdə Azərbaycan seçiciləri konstitusion hüquqlarını həyata keçirərək səs veriblər.
***07.02.2024 / 23:47
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərində məntəqələrin 54.47 faizindən alınmış məlumatların nəticələrini açıqlayıb.
"Unikal" xəbər verir ki, mətbuat konfransında bu barədə məlumat verən Məzahir Pənahov deyib: “Bu gün Azərbaycanda 125 seçki dairəsinin hamısında seçkilər baş tutub. İndiyədək Mərkəzi Seçki Komissiyasına 6537 məntəqənin 3561-dən, yəni, 54.47 faizdən daxil olmuş məlumatlara əsasən İlham Əliyev 92.1 faiz səs toplayıb. Etibarlı sayılmış 2 milyon 711 min 804 səsin hesablanmasından sonra Əliyev İlham Heydər oğlu 2 milyon 497 min 542 səs (etibarlı səslərin 92.1 faizi) toplayıb və böyük fərqlə liderlik edir.
Yerdə qalan səslər digər namizədlər arasında belə bölünüb:
Oruc Zahid Məhərrəm oğlu – 59 min 719 səs (2.2 faiz);
Mustafa Fazil Qəzənfər oğlu-53 min 986 səs( 1.99)
Həsənquliyev Qüdrət Müzəffər oğlu – 48 min 315 səs (1.78 faiz);
Nurullayev Razi Qulaməli oğlu 21 min 406 səs(0.79 faiz);
Musayev Elşad Nəbi oğlu 17 min 855 səs (0.66 faiz);
Əliyev Fuad Ağasi 12 min 981 səs( 0.48 faiz).
*** 23:15
Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
"Unikal" xəbər verir ki, seçkilərin ilkin nəticələri aşağıdakı kimidir:
İlham Əliyev 92.1 faiz
Zahid Oruc 2.2 faiz
Fazil Mustafa 1.99 faiz
Qüdrət Həsənquliyev 1.78 faiz
Razi Nurullayev 0.79 faiz
Elşad Musayev 0.66 faiz
Fuad Əliyev 0.48 faiz.
*** 23:12
Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin rəsmi nəticəsi elan edilir.
"Unikal" xəbər verir ki, nəticələri MSK sədri Məzahir Pənahov elan edir.
Nəticələrə görə, İlham Əliyev 2 milyon 497 min 542 (92,1%) səslə növbədənkənar prezident seçkilərinin qalibi olub.