Naxçıvanda polis orqanlarına yeni xidməti avtomobillər təqdim olunub, Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin inzibati binası istifadəyə verilib.

"Unikal" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əvvəlcə muxtar respublikanın polis orqanlarına təqdim olunan yeni xidməti avtomobillərə baxıb.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-mayor Süleyman Neymətov məlumat verib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 16 yeni xidməti avtomobil təqdim edilib.

Bildirilib ki, 4 “BMW” markalı avtomobil yol-patrul xidməti, “JAC-T8” markalı 12 avtomobil isə mühafizə polisi, pos-patrul xidməti və Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi üçün nəzərdə tutulub. 2023-cü il istehsalı olan avtomobillər yüksək manevr imkanları və müasir təchizatı ilə xidmətin operativ təşkilinə imkan verəcək. Müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə, səsgücləndirici və sayrışan işıq sisteminə malikdir.

Sonra səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olub.