Yardımlıdan paytaxta 53 kiloqram narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Dəryavar kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Ramin Paşayev və Dəyanət Quliyev saxlanılıblar.
R.Paşayevin idarə etdiyi "Vaz 21074" markalı avtomobilin yük yerinə keçirilən baxış zamanı 42 kiloqram marixuana, 8 kiloqram metamfetamin və 3 kiloqram heroin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitələri pul qarşılığında Bakı şəhəri ərazisinə çatdırmaq üçün əldə etdikləri müəyyən edilib. R.Paşayev və D.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.