Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Elmi-tədqiqat işinin planlaşdırılması və təşkili” mövzusuna həsr olunan 3 günlük təlimə yekun vurulub.

"Unikal" xəbər verir ki, universitet əməkdaşlarının iştirakı ilə baş tutan təlimdə Elm  və innovasiya şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent  Nəsirulla Nəsirli ATMU-da  elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması,elmi tədqiqat işlərinin əsas funksiyaları,  vəzifələri, elmi-tədqiqat işlərinin icraçıları, qeydiyyatı və hesabatı və s. məsələrdən detallı bəhs edib. 

Təlimin növbəti iş günündə Elm və İnnovasiya şöbəsinin elmi innovasiyalar üzrə koordinatoru Sənubər Qənbərova “Doktorantura və dissertantura təhsilinin təşkili və planlaşdırılması” adlı təqdimat-çıxışında doktorantura təhsili, doktorantura üzrə ixtisasların nomenklaturası, qəbul qaydaları, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi iddiaçılarına,dissertasiya və avtoreferat işlərinə tələblər, Azərbaycan Respublikasında məqalələrin dərci ilə bağlı tövsiyə edilən dövri elmi nəşrlər, dissertasiyaların ilkin müzakirəyə təqdim olunması və müdafiəsinin təşkili barədə danışıb. Elm və innovasiya şöbəsinin mütəxəssisi Hacı Qasımlı isə dosent, professor elmi adlarının verilməsi və vəsatətin qaldırılması tələbləri ilə bərabər, ATMU-da antiplagiat proqramından istifadə qaydalarına aydınlıq gətirib. 

Tədbir iştirakçıların çoxsaylı suallarının cavablandırılması və sertifikatların təqdim olunması ilə başa çatıb.

 “Elmi tədqiqat işinin planlaşdırılması və təşkili” adlı təlim  ATMU-nun Elm və innovasiya şöbəsi tərəfindən təşkil olunub.