Azərbaycana qaçaqmalçılıq yolu ilə 26 kq narkotik vasitə gətirən şəxslər saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Azər Qasımov və tanışı 1964-cü il təvəllüdlü Arif Əliyev saxlanılıb.
Şəxslərin üzərindən və A.Əliyevin yaşadığı evdən 26 kiloqram, o cümlədən 4 kiloqram heroin, 18 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram tiryək və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən paytaxta ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.