"Sərhəddə baş vermiş insidentlə bağlı bir daha demək istəyirəm ki, biz hər iki tərəfi qarşılıqlı təmkinli olmağa çağırırıq".

"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə müsahibəsində deyib. 

Diplomatın sözlərinə görə, Rusiya tərəfi heç bir insident baş verməsini, xüsusilə də atışma, insan tələfatı və yaralanmaların olmasını istəmir: "Təbii ki, belə hadisələr Ermənistan-Azərbaycan nizamlanmasının irəliləməsi üçün müsbət atmosferin yaradılmasına kömək edə bilməz". 

Ermənistanın KTMT-dən çıxması məsələsinə toxunan rusiyalı diplomat qeyd edib ki, təşkilata üzvlük ilk növbədə Ermənistanın maraqlarına cavab verir: "Vaxtilə Ermənistana hərbi-texniki xarakterli tədbirlər, profilli kadrların hazırlanması ilə bağlı tədbirlər, Ermənistanla Azərbaycan arasında sərhədyanı rayonlara KTMT-nin monitorinq missiyasının göndərilməsi təklif edilmişdi. Amma təəssüflər olsun ki, həmin ideya və təkliflər bəyənilmədi və həyata keçirilmədi". 

Qaluzin həmçinin bildirib ki, Cənubi Qafqazın gələcəyini ABŞ, Fransa və ya Avropa İttifaqı deyil, region ölkələri həll etməlidir. O, Ermənistanı Qərb qüvvələrini regiona cəlb etmək meylində ittiham edib: "Qərbin Zaqafqaziyada maraqları Azərbaycanla münasibətlərin tənzimlənməsində, sülh və sabitliyin əldə olunmasında Ermənistana kömək etməklə deyil, Rusiyanı o prosesdən sıxışdırıb çıxarmaq və onun sərhədlərinin bilavasitə yaxınlığında növbəti gərginlik mənbəyi yaratmaqla bağlıdır. Bununla belə, biz gözləyirik ki, İrəvan KTMT ilə bağlı şübhələrini nə qədər tez aradan qaldırsa və həmin təşkilatın gündəliyində duran məsələlər üzrə siyasi və ekspertlər səviyyəsində konstruktiv, effektiv və mənalı müzakirələrə qayıtsa, bir o qədər yaxşıdır". 

Ağarza Elçinoğlu