Fevralın 14-də Milli Məclisdə cənab Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı ilə yeni dövr üzrə dövlət siyasətinin prioritetlərini, o cümlədən daxili və xarici siyasət kursunun sərhədlərini aydın formada müəyyən etdi. Çıxışında indiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini xatırladan dövlətimizin başçısı qeyd etdi ki, “İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq". 

Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır. Bu yol doğma Vətənimizin indikindən də gözəl çiçəklənməsi, hərtərəfli inkişafı, müstəqilliyinin, suverenliyinin qorunması, qazanılmış bənzərsiz uğurların davam etdirilməsi və yeni hədəflərə nail olmaqdır. Bu yol, təbii ki, zəfər yoludur, müvəffəqiyyətlərlə zəngin yeni bir dövrdür. Bu fakt inkaredilməzdir ki, İlham Əliyev 2003-cü ildən bu hədəfi qarşıya qoyub: İqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi dövlətimizin siyasətinin əsas amilləridir. Cənab Prezident çıxışnda da qeyd etiyi kimi “Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub.” Prezidentin gələcək fəaliyyətinin ən mühüm istiqamətlərindən biri, deyərdim ki, başlıcası məhz ölkənin xarici siyasətidir. Çünki xarici siyasət, daxili siyasətin davamıdır. Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Bu gün dünya ictimaiyyəti ölkəmizin siyasətini bəyənir və onu dəstəkləyir. Bu dəstəyin nəticəsi idi ki, 155 ölkə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə səs verdi.

120 ölkənin dəstəyi ilə ölkəmiz Qoşulmama Hərəkatına sədr seçildi və nəhayət dünya ölkələri tərəfindən ölkəmizin COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilib. İnaqurasiyada çıxışında Türk dünyasını “Bizim Ailəmiz” adlandıran möhtərəm cənab Prezident Türk Dövlətləri Təşkilatındakı ölkəmizin fəaliyyətini ilk prioritet istiqamətlərdən biri olduğunu bildirdi. Onun bu təşkilat haqqında “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır. Çünkü o bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.” Deməsi hər kəsdə, o cümlədən mərasim iştirakçısı kimi məndə də duyğu dolu anlar yaşatdı. Türkdilli ölkələr arasında əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhval-ruhiyyənin yaratdığı şüarlardan yaranan birlik modeli deyil. Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Ortaq soy-kök, tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial, həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və bu təbii müttəfiqlik onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir. Ölkəmiz cənab Prezidentin xüsusi siyasətilə bu birliyə böyük töhfələr verməkdədir.

Milli Məcisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov