“Sumqayıt” Azərbaycan çempionatlarında 50-ci ev heç-heçəsinə imza atıb.
"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXIII turuna təsadüf edib.
Samir Abasovun yetirmələri “Turan Tovuz”la qolsuz sülhə nail olublar. “Gənclik şəhəri” təmsilçisi ölkə çempionatlarının 32 illik tarixinə öz meydanında 50 və daha çox heç-heçə edən 8-ci komanda kimi düşüb.
2011-2012-ci illər mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt”ın yubiley heç-heçəsi evdəki 193-cü matça təsadüf edib. Sumqayıtlıların ilk belə bərabərliyi isə 2011-ci il sentyabrın 11-də qeydə alınıb. Həmin vaxt “Qarabağ”la ev qarşılaşması qolsuz başa çatıb.
“Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev isə Azərbaycan çempionatlarında 25-ci qolunu vurub. 29 yaşlı hücumçunun yubileyi ölkə çempionatının XXIII turuna təsadüf edib.
“Səbail”lə səfər görüşündə (2:2) dubla imza atan futbolçu öncə 25-ci, ardınca 26-cı qolunu vurub. O, çempionatda keçirdiyi 144-cü matçda “25”i keçib.
Orxan Əliyev bu qollarını üç klubda vurub. O, “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 3 dəfə fərqlənib. Orxan Azərbaycan çempionatları tarixində ən azı 25 qol vuran 124-cü futbolçudur.