“Sevindirici haldır ki, küçədə, ictimai yerlərdə qarabağlılar, xüsusi ilə ağdamlılar yaxınlaşıb soruşur ki, biz Ağdama nə vaxt qayıdcağıq? Mən əslən Ağdamdanam, Ağdama gedəndə öz kəndimizi, kənddə olan evimizi güclə tapdım. Düşündüm ki, qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb”.

"Unikal" xəbər verir ki, bu fikirləri ASAN radionun direktoru Emin Musəvi işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış haqqında rəy və təəssürratlarını bölüşərkən deyib. 

Hər kəsin Böyük Qayıdış prosesində iştirak etdiyini qeyd edən E. Musəvi müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarların Qarabağ və Şərqi Zəngəzurda olmasının Vətənimiz üçün çox faydalı olduğunu qeyd edib: “Həmişə bir-birimizə arzulayırdıq ki, gün o gün olsun ki, mediamızın səsi Şuşadan gəlsin, belə də oldu”.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

ASAN radionun direktoru Emin Musəvinin iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.