“Can qardaşlarımız Azərbaycanla birliyimiz, bərabərliyimiz vazkeçilməzdir. Mustafa Kamal Atatürk zamanından bu yana hər zaman belə olub. Rəcəb Tayyib Ərdoğan dönəmində münasibətlərimizin inkişafı üçün çox ciddi addımlar atıldı. Biz bir-birimizi bir millət iki dövlət olaraq görürük”.

Bu fikirləri Berlində "Unikal"ın əməkdaşına açıqlamasında “Alman Türk Gazeteciler Birliyi”nin təşkil etdiyi konfransdan sonra İstanbul Universitetinin Siyasi Elmlər Fakültəsinin Dövlət İdarəçiliyi kafedrasının və Hüquq Elmləri Bölməsinin müdiri professor Ersan Şen deyib.

İkinci Qarabağ döyüşlərindən danışan E.Şen bildirib ki, müharibənin olmasını kimsə istəməzdi: “Ermənistanla Azərbaycan arasındakı problem kaşki, sülh yolu ilə həllini tapardı. Təəssüf ki, bu baş vermədi. Azərbaycana Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə dövləti, türk milləti  çox ciddi dəstək verdi. Bu gün də bu dəstək davam edir. Qarabağ birmənalı şəkildə Azərbaycanın suveren torpağıdır”.

Professor Zəngəzur dəhlizinin açılmasına diqqət çəkib. O, qeyd edib ki, bu Türkiyə üçün həyati bir məsələdir: “Rusiya Qafqaz regionunun güclü bir ölkəsidir. Bunu gözardı edərək yola davam etmək olmur. Azərbaycanla Ermənistan arasındakı müharibənin bitməsində iki dövlət mühüm rol oynayıb. Bunlardan biri Türkiyə, digəri Rusiya Federasiyasıdır. Bəzən bıçaq sümüyə dirənir. Rusiyanın vasitəçiliyi və təminatı ilə bəlli bir sözləşmə imzalandı. Sözləşmənin şərtlərinin yerinə yetirilməsi və Zəngəzur dəhlizinin açılması lazımdır. Bu, Türkiyə üçün həyati bir məsələdir. Azərbaycanla aramızda olan körpü mütləq reallaşmalıdır. Biz Rusiyanın vasitəçiliyi ilə imzalanan sözləşmənin şərtlərinin yerinə yetirilməsini gözləyirik. Ümid edirəm ki, təkrar müharibə vəziyyəti olmaz. Verilən söz tutulmalı və Zəngəzur dəhlizinin açılması reallaşmalıdır. Əks təqdirdə beşinci dövlət olmadan dörd ölkə-Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan yenidən bir araya gəlib məsələni müzakirə etməlidir”.

E.Şenin sözlərinə görə, Ermənistan anlamalıdır ki, Türkiyə və Azərbaycan olmadan onların bu regionda yaşaması mümkün deyil: “Onların iqtisadiyyatının ayaqda qalması belə mümkün deyil. Ermənistan bunu çox yaxşı dərk edir. Ona görə də, düzgün qərarın qəbul edilməsi labüddür”.

Həsən Babayev