Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Unikal"ın məlumatına görə, Naim Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub. 

O, 1995-2006-ci illərdə F.Məmmədov adına Kolanı kənd tam orta məktəbində orta təhsil alıb. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr,  2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə magistratura təhsili alıb. 

Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində başlayıb. 2014-cü ildən "Naxçıvan" Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyib. Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. Ötən ilin sentyabrında isə N.Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

Xatırladaq ki, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva 9 avqust 2023-cü ildə tutduğu vəzifədən azad edilib. 

Gülayə Mecid