Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi çox vacib məsələdir və tərəflər arasında danışıqlar davam edir.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə nümayəndəsi Serdar Kılıç Antalya Diplomatik Forumunda tematik müzakirə zamanı deyib. 

"Moskvada keçirilən görüşdə Ermənistan-Türkiyə nizamlanması prosesinin əsas parametrlərini qeyd etdik və biz tam həllin tərəfdarıyıq. Düşünürəm ki, biz düzgün istiqamətdə irəliləyirik. Etibar yaratmaq üçün müvafiq tədbirlər görməliyik. Bizi ayıran yox, birləşdirən məqamlara diqqət yetirməliyik. Əks halda, tərəflər arasında məsafə artacaq", - deyə türk diplomat bildirib.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə və diplomatik pasport sahibləri üçün açılacaq, daha sonra bu təcrübə Türkiyə və Ermənistan vətəndaşları üçün genişləndiriləcək: "Ermənistandan Türkiyəyə və Türkiyədən Ermənistana uçuşlar var, bu o deməkdir ki, iki ölkə vətəndaşları arasında ünsiyyət və dialoq var. Sərhədlərin açılması tək addım deyil, vəziyyəti tənzimləmək üçün başqa addımlar da atırıq. Biz Ermənistan vətəndaşlarının Türkiyədə yaşaması üçün əlverişli şərait yaradırıq. Başqa sözlə, səylər göstərilir və yeri gələndə sərhədlərin tam açılması iki xalqın yaxınlaşmasına töhfə verəcək". 

O, danışıqların nəticələrinin hər iki tərəfə müsbət təsir göstərməli olduğunu vurğulayıb: "Bununla belə, regionda məsuliyyət nümayiş etdirmək lazımdır, əks halda cəhdlər boşa çıxacaq, bu isə o deməkdir ki, heç bir nəticə olmayacaq. Biz ötən otuz ilin uğursuzluqlarından dərs almalıyıq və bundan sonra bütün diqqətimizi bu işə yönəldə bilərik. Keçmişdən dərs almasaq, hamısı boşa çıxacaq. Sabit sülh və təhlükəsizliyin bərqərar olması üçün üç ölkənin (Ermənistan, Türkiyə, Azərbaycan) vəziyyəti nəzərə alınmalıdır". 

Ağarza Elçinoğlu