"Sosial şəbəkələrdə barəsində məlumat yayılan Salyan rayonu Pambıqkənd kənd A.İbadov adına tam orta məktəbin şagirdi 2022-ci ildə buraxılış imtahanlarında iştirak edib və ümumi orta təhsil haqqında attestat alaraq icbari təhsilini tamamlayıb".

Bu barədə "Unikal"a Şirvan–Salyan Regional Təhsil İdarəsindən bildirilib. 

"Sonradan şagirdin valideyni övladının 10-cu sinifdə təhsilini davam etdirməsi ilə bağlı məktəbə müraciət edib. Lakin ötən müddət ərzində şagirdin dərsə davamiyyəti olmadığı üçün bu barədə valideyninə dəfələrlə məlumat verilsə də, nəticə əldə edilməyib. Bu səbəbdən 2022–2023-cü tədris ilində şagird 10-cu sinifdə saxlanılıb. 

Məktəbə davamlı olaraq gəlmədiyi üçün məktəbli Salyan rayonu Pambıqkənd kənd A.İbadov adına tam orta məktəbin Pedaqoji Şurasının 30.01.2024-cü il tarixli 03 nömrəli qərarı ilə ümumi təhsil müəssisəsinin şagird kontingentindən çıxarılıb.  

Qeyd edək ki, şagirdin hamilə olması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib və məsələ ilə bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunur. 

*** 13:07

Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması barədə araşdırma aparılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

"Məlumat daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb və həmin təhsil müəssisəsində araşdırma aparılıb. Azyaşlı şagirdin erkən nikaha cəlb olunması barədə  hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara   məlumat verilib", - deyə məlumatda bildirilib.

***03.04.2024 (19:40)

Salyanda 11-ci sinif şagirdinin ana olması ilə bağlı məsələ artıq Salyan Rayon Polis Şöbəsi tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalar aparılır.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib. 

*** 19:05

Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. 

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında paylaşım edib. 

O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. 

Bundan başqa, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılır. Bununla bağlı məktəbin direktorunun işi regional təhsil şöbəsi tərəfindən araşdırılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələninn nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib. 

Nuranə Abbasova