Ermənistan rus sərhədçilərin “Zvartnots” hava limanından çıxarılması təşəbbüsü ilə bağlı Rusiya tərəfinə məlumat verib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kiprdən olan həmkarı ilə mətbuat konfransı zamanı deyib.

"Əvvəllər rus sərhədçilərinin bir sıra məntəqələrdə, o cümlədən “Zvartnots” hava limanında iştirakı yeni müstəqillik qazanmış Ermənistan dövlətçiliyinə dəstək kimi düşünülürdü. Ermənistanın öz institusional imkanları olduqda, Ermənistan bu funksiyanı öz orqanları vasitəsilə tam şəkildə həyata keçirəcək. İndi isə biz hesab edirik ki, Ermənistan institusional olaraq “Zvartnots” hava limanında sərhəd mühafizə xidmətini təkbaşına həyata keçirə bilir və bu barədə Rusiya tərəfini xəbərdar etmişik. Güman edirəm ki, bu, onlara kifayət edəcək və məsələ həllini tapacaq", - nazir qeyd edib. 

Mirzoyan həmçinin bildirib: "Əlbəttə, biz Rusiya tərəfinə minnətdarıq. Amma bizim artıq "Zvartnots" hava limanında sərhəd mühafizə xidmətində Rusiya tərəfinin dəstəyinə ehtiyacımız yoxdur". 

Ağarza Elçinoğlu