Baş nazir Nikol Paşinyan 2021-ci ildə Ermənistan Respublikasının keçmiş müdafiə naziri Arşak Karapetyanla olan yazışmasını öz "Tiktok" səhifəsində paylaşıb. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan dünən keçirdiyi mətbuat konfransında A.Karapetyanın 2021-ci ildə Azərbaycan qoşunlarının Ermənistan istiqamətində hərəkəti haqda ona məlumat vermədiyini bildirib.

Paşinyan keçmiş müdafiə nazirini heç bir tədbir görməməkdə ittiham edib və bu halda onu öz vəzifəsində saxlamağın mümkün olmadığını qeyd edib. 

Baş nazirin bu ittihamlarından sonra Karapetyan videomüraciət yayaraq 2021-ci il noyabrın 14-ü Dubayda olduğunu və orada vacib görüşdə iştirak etdiyini deyib.

"Orada çox mühüm görüş nəzərdə tutulmuşdu və mən həmin görüşə getdim. Bundan başqa, Ermənistana silah alınması, bəzi silah növlərinin idxalı ilə bağlı problemimiz var idi, söhbət əsasən hücumçu dronlarından gedir. Və vəziyyəti sərhəddəki rəisimizə bildirməyə fiziki imkanım yox idi", - deyə sabiq nazir bildirib. 

N. Paşinyan isə eks-nazirin bu ittihamlarına sübut olaraq öz "TikTok" hesabında Karapetyanla 2021-ci ildə "WhatsApp" üzərindən həyata keçirdiyi yazışmaları əks etdirən qısa video paylaşıb. 

Belə ki, Karapetyan 2021-ci il noyabrın 14-ü səhər saatlarında Paşinyana səsli mesaj göndərərək sərhəddə hər şeyin qaydasında olduğunu bildirib. Həmin gün saat 16:12-də isə Paşinyan Karapetyana "Haradasan?" mesajını yazıb. Lakin o, mesajına cavab almayıb. Baş nazir yarım saat sonra yenidən Karapetyana yazaraq onu məsuliyyətsizlikdə ittiham edib və məsələni aydınlaşdırmağı tələb edib:

"Biz ciddi söhbət aparmalıyıq. Siz ictimai olaraq izahat verməlisiniz. Nə baş verib?".  

Bunun fonunda Paşinyan yaydığı videoda "İki variant mövcuddur. O dövrdə müdafiə naziri olan Arşak Karapetyan ya məsələdən xəbərsiz idi, ya da mənə məlumat verməyib. Bu cür hallarda heç kimi bu vəzifədə hətta yarım saat saxlamaram”, - deyə qeyd edib. 

Xatırladaq ki,  sözügedən hadisədən bir gün sonra - 2021-ci il noyabrın 15-i Ermənistanın o dövrdəki Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın təklifi əsasında A.Karapetyanı vəzifəsindən azad edib. O, 2021-ci il avqustun 3-ü həmin vəzifəyə təyin edilmişdi.

Qeyd edək ki, 2021-ci ilin noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu yeddi şəhid verib. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.