Bakıda 135 nömrəli tam orta məktəbin 16 yaşlı şagirdi (qadın cinsli) bel fəqərəsində yerdəyişməyən sınıq xətti diaqnozu ilə təcili tibbi yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Qeyd olunub ki, zəruri müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb.

***

11:41

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə şagirdin özünü pəncərədən yerə atması ilə bağlı məlumat yayıb.

"Unikal" xəbər verir ki, məlumatda deyilir:

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir. Hadisə ilə bağlı araşdırma aparılır. 

Məktəbdən verilən ilkin məlumata görə Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əlavə məlumat veriləcək".

***

10:50

Bakıda şagird özünü məktəb binasından yerə atıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə baş verib.

Belə ki, sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü məktəbin 2-ci mərtəbəsindən yerə atıb.

Qız uşağı müxtəlif bədən xəsarətləri alıb.

Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil.

Murad İbrahimli