FIFA prezidenti Canni İnfantino Türkiyə Superliqasının 30-cu turunda “Fənərbağça”-“Trabzonspor” matçında baş verənlər insidentə münasibət bildirib.
"Unikal" xəbər verir ki, funksioner Trabzon azarkeşlərinin İstanbul klubunun futbolçularına hücumunu pisləyib.
Futbolda zorakılığın qəbuledilməz olduğunu bildirən FIFA rəhbəri deyib: “Futbolçular təhlükəsiz şəraitdə oynamalıdırlar. Onların təhlükəsizliyinə mane olanların idmanımızda və ya cəmiyyətimizdə yeri yoxdur. Mən bunu əvvəllər də demişəm, yenidən təkrar edirəm ki, futbol dünyadakı bir çox insanlara sevinc hissi yaşadan idman növüdür. Buna görə də oyunçuların təhlükəsizliyi yüksək səviyyədə təmin edilməlidir”.
C.İnfantino qeyd edib ki, cinayətkarlar öz hərəkətlərinə görə tez bir zamanda məsuliyyətə cəlb olunmalıdırlar. “Aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşmalıdırlar. Onları bu insidentin səbəbkarlarının törətdikləri əməllərə görə məsuliyyət daşımasını təmin etməyə çağırıram”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Trabzon azarkeşləri oyunun final fiti səsləndikdən sonra meydana daxil olaraq “Fənərbağça” futbolçularına hücum ediblər. Tərəflər arasında baş verən qarşıdurmaya təhlükəsizlik qüvvələri müdaxilə edib.
Xatırladaq ki, matçı “Fənərbağça”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.n -- ümumi8 min