Mart ayının 20-da saat 23:36-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə "Unikal"a DSX-dan məlumat verilib.
Qeyd olunub ki, keçirilən sərhəd axtarışı nəticəsində Araz çayının sahilində qamışlıq ərazidə 1 (bir) ədəd rezin qayıq aşkar olunub.
Qayığa baxış zamanı ümumi çəkisi 102 kiloqram narkotik vasitə (89 kq 940 qr marixuana, 4 kq 660 qram heroin, 7 kq 400 qr metafetamin) və 8010 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M 40 həbləri aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.