Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.
"Unikal" xəbər verir ki, “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, o cümlədən onların daxili və xarici tərtibatına dair tələblərin hüquqi əsaslarını müəyyən edir.
Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avto-nəqliyyat vasitələri (bundan sonra – müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş müntəzəm daşımalar yerinə yetirən avtonəqliyyat vasitələri sərnişindaşımada istifadə edilə bilməz. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir. Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar ilə təchiz edilməlidir. Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı olmalıdır. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində ilk tibbi yardım qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə və günəş şüalarından qorunması təmin edilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq olmalıdır. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində sərnişinlər üçün çıxışlar və qəza çıxış yerləri olmalıdır. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda maarifləndirici xarakterli əşyalar və qurğular, habelə gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri istisna olmaqla, konstruksiyada nəzərdə tutulmayan digər əşyanın yerləşdirilməsinə yol verilmir.
Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra - Agentlik) bu Tələblərin 1 nömrəli əlavə-sində göstərilən nümunəyə uyğun loqosu, qısaldılmış adı (AYNA) və çağrı mərkəzinin nömrəsi olmalıdır. Agentliyin loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi hər bir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir:
- banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxa hissəsinin üzərində sağ tərəfdə;
- banın sağ tərəfində ön hissədə, banın sol tərəfində sürücü pəncərəsinin altında.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin üzərində reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə yerləşdirilməli və bu Tələblərə uyğun yerləşdirilən zəruri məlumatları fərqləndirməyi çətinləşdirməməlidir. Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri marşrut lövhəsi ilə təchiz olunmalıdır. Marşrut lövhəsində marşrutun nömrəsi (beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla), habelə Azərbaycan dilində başlanğıc, son və əsas aralıq dayanacaq məntəqələrinin adları göstərilməlidir. Marşrut lövhəsi avtobusun ön, arxa və yan tərəflərində yerləşdirilməlidir. Beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla, gediş haqqı nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən hallarda müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin banının sağ tərəfində giriş qapısına yaxın hissədə gediş haqqının nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirildiyi barədə məlumat yerləşdirilməlidir. Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşıma-larında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonları marşrutun (beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla) və çağrı mərkəzinin əlaqə nömrələri, ilk tibbi yardım qutusu və odsöndürənin yerini, marşrut sxemini, gediş haqqının məbləğini, ödəniş etmədən getməyə görə inzibati cərimə barədə məlumatı, giriş, çıxış və qəza çıxışlarının yerini, olduğu halda uşaqlar, hamilə qadınlar və əlilliyi olan şəxslər üçün oturacaq yerlərini və tütün çəkməyin qadağan olunması barədə məlumatlar əks olunmalıdır. Avtonəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulduğu halda, müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində əlilliyi olan şəxslərin təkərli oturacaqları və uşaq arabaları üçün xüsusi işarələnmiş yerlər və müvafiq təhlükəsizlik sistemi olmalıdır. Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin avtobusun salonunun içərisində bütün sərnişinlərin yaxşı görə biləcəyi yerdə marşrutun sxeminin bütün dayanacaq məntəqələri, o cümlədən növbəti dayanacaq məntəqəsini göstərməyə imkan verən elektron informasiya lövhəsi olmalıdır. Elektron informasiya lövhələrinin fonu və məlumat yazıları, habelə simvolik təsvirlər (piktoqramlar) sərnişinlər tərəfindən aydın oxunula və qavranıla bilən rənglərdə olmalıdır.
Sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri (bundan sonra - taksi minik avtomobilləri) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarında mühərrikli və ya elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri istifadə oluna bilər.
Taksi minik avtomobilləri kimi Azərbaycan Respublikasının 2002-ci il 12 fevral tarixli 261-IIQ nömrəli Qanunu ilə qoşulduğu Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat Komitəsi çərçivəsində imzalanmış “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” Müqavilənin tələblərinə uyğun olaraq müəyyən edilmiş M1 kateqoriyasına aid minik avtomobilləri istifadə oluna bilər. İkiqapılı (siyirmə qapısı olan minivenlər istisna olmaqla), fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir. Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır. Taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə “Taksi” sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi “taksi” fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır.
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır. Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.
Taksi minik avtomobillərində sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli, eləcə də daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, əlaqə nömrəsi, avtonəqliyyat vasitəsinin buraxılış kartının nömrəsi göstərilən 110x60 mm ölçüdə məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyən etməyə imkan verən taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz ilə təchiz edilməlidir. Taksometr və ya müvafiq proqram təminatını göstərən mobil cihaz taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün uyğun yerdə quraşdırılmalıdır. Gediş haqqı taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunduqda taksometr və ya müvafiq proqram təminatını göstərən mobil cihaz taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün uyğun yerdə quraşdırılmalıdır. Taksi minik avtomobilinin salonu təmiz, səliqəli saxlanılmalı və xoşagəlməz qoxular olmamalıdır. Taksi minik avtomobillərində sərnişinlər tərəfindən yaxşı görülə bilən yerdə daşınma haqqının tarifləri 4 nömrəli əlavədə göstərilmiş nümunəyə uyğun lövhə şəklində yerləşdirilməlidir. Taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünən yerdə lövhədə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olması təmin edilməlidir. Hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.