28 mart tarixi Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur və bu gün təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur.
"Unikal" xəbər verir ki, bununla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı ömrünün 25 ilini bu orqanlarda şərəfli xidmətə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri düzülmüşdür.
DTX-nin əməkdaşları daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarlarını ziyarət etmiş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
Daha sonra DTX-nin Mədəniyyət mərkəzində Xidmətin əməkdaşlarının və veteranlarının iştirakı ilə peşə bayramına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbir açıq elan olunduqdan sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni səsləndirilmişdir. Ardınca Azərbaycan təhlükəsizlik orqanlarının 105 illik tarixindən bəhs edən “Xüsusi xidmət” adlı sənədli film nümayiş etdirilmişdir.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə giriş nitqi ilə çıxış edərək təhlükəsizlik orqanlarının 105 illik tarixinə nəzər salmış, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşəkkülü, sovetlər dönəmindəki fəaliyyəti və müstəqillik qazanıldıqdan sonra müasir Azərbaycanın xüsusi xidmət orqanlarının formalaşması barədə ətraflı məlumat vermişdir.
Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarının tarixində misilsiz xidmətlərindən danışan Xidmət rəisi bu təsisatın tərkibinin milliləşdirilməsi kimi o dövr üçün çətin və mürəkkəb olan prosesin həyata keçirilməsində dahi rəhbərin əvəzsiz rolundan, xüsusi xidmət orqanlarının kadr potensialının formalaşdırılması, maddi-texniki bazasının təkmilləşdirilməsi, əməkdaşlarının iş və məişət şəraitlərinin yaxşılaşdırılması məsələlərinə həssas yanaşmasından və bu istiqamətdə gördüyü ölçüyəgəlməz işlərdən danışmışdır.
Natiq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq yeni dövrə qədəm qoyan təhlükəsizlik orqanlarının qarşısında qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə etmiş, eyni zamanda DTX-nin son illərdəki fəaliyyətinə toxunmuşdur.
Əli Nağıyev dövlətimizin başçısının sarsılmaz siyasi iradəsi və Ordumuzun hərbi gücü nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışların durduğunu bildirmiş, regionda yaranmış vəziyyəti öz xeyrinə dəyişmək istəyən və bölgənin yenidən münaqişə ocağına çevrilməsinə çalışan bəzi dairələrin təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətini, casus şəbəkəsi yaradaraq ölkəmizin milli təhlükəsizliyinin zərərinə hesablanmış müxtəlif planları həyata keçirmə cəhdlərini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, DTX respublikamızın təhlükəsizliyinə yönələn bu kimi təhdidləri dəf etmək üçün bütün qüvvə və vasitələrini səfərbər edərək belə hallarla mübarizəsini bundan sonra da inamla davam etdirəcəkdir.
Xidmət rəisi Əli Nağıyev Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi xüsusi diqqət və qayğının növbəti təzahürü kimi, ölkə başçısının müvafiq Sərəncamı ilə təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü və peşə bayramı əlaqədar DTX-nin bir qrup əməkdaşının ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görüldüyünü vurğulamış, bunun üçün Prezident İlham Əliyevə şəxsi heyət adından minnətdarlığını çatdıraraq, Xidmətin əməkdaşlarının göstərilən bu etimadı doğruldacaqlarına qətiyyətlə inandığını bildirmişdir.
Sonra tədbir təhlükəsizlik orqanları əməkdaşları və veteranlarının çıxışları ilə davam etdirilmişdir.
Tədbirin rəsmi hissəsinin sonunda DTX-nin şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət oxunmuşdur.
Tədbirin bədii hissəsində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunmuşdur.