Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 1918-ci ildə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı ilə bağlı tədbir keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən rektor İlham Mədətov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin “böyük Ermənistan” adlı qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara qarşı törətdikləri qətliam və soyqırımı aktlarının zaman-zaman təkrarlandığını bildirib.

1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın proqram sənəd olduğunu deyən İ.Mədətov martın 31-nin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü səviyyəsində tarixləşdiyini diqqətə çatdırıb. 

ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı 1918-ci ilin mart ayında daşnak və silahlı erməni  millətçiləri, o cümlədən bolşeviklər tərəfindən Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər bölgələrdə ağlagəlməz qətliamlar törədildiyini, minlərlə soydaşımızın qəddarlıqla öldürüldüyünü ürəkağrısı ilə qeyd edib.Köhnə stillə Novruz bayramı günlərində bir həftə ərzində təkcə Bakıda 12 mindən artıq insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilib. Hadisələrin ilk 3-4 günü ərzində bolşevik-daşnak dəstələrinin azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə izn vermədiyi, şəhərin küçə, həyət və evlərindən meyitlərin yığılması ilə  bir neçə gün ərzində ayrı-ayrı dəstələr, o cümlədən ermənilərin özlərinin də məşğul olduğu, sonuncular tərəfindən cəsədlərin həm hadisələrin baş verdiyi günlərdə, həm də sonra yandırılan binalara, quyulara, dənizə töküldüyünü bildirib. Bakıda  Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması səbəbindən qurbanların dəqiq sayının hesablanmasına imkan verilmədiyini diqqətə çatdırıb.M.Zülfüqarlı müəlifi olduğu  “Şamaxı soyqırımı – 1918. SHAMAKHİ GENOCİDE  1918. (Azərbaycan və ingilis dillərində)” “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri  (iyun-iyul 1918)” və Göyçay döyüşləri -Türkiyə tarixşünaslığında” kitablarında 1918-ci ilin iyununda Bakı Soveti qoşunlarının və erməni birləşmələrinin Hacıqabul-Kürdəmir istiqamətində törətdikləri soyqırımdan bəhs olunduğunu deyib.

Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba Soyqırımı Memorial Kompleksinə ziyarət-turların təşkilinin əhəmiyyətinə aydınlıq gətirib.

Universitetin İctimai fənlər kafedrasının professoru Minəxanım Əsədli 1918-ci ilin iyununda qardaş Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun qəhrəmanlıqından bəhs edib.Qafqaz İslam Ordusunun albayı,azərbaycanlı Yusif Ziya haqqında təəsüratlarını tədbir iştirakçıları ilə  bölüşüb.