Martın 29-da Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının, həmçinin soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, tarix faktlara əsaslanır. Azərbaycanın real həqiqətləri, tarixi faktları özündə əks etdirən təbliğatının uğurlu nəticələri göz önündədir. İnformasiya mübarizəsi bütün dövrlər üçün öz aktuallığını qoruyur. İllər keçdikcə tarixi araşdırmaların miqyasının genişləndirilməsi, yeni faktların üzə çıxması  erməni yalanlarının ifşasında öz sözünü deyir. Ermənilər tarixin müxtəlif dövrlərində havadarlarının dəstəyinə arxalanaraq  azərbaycanlılara və türklərə qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyata keçiriblər. Lakin erməni diasporu və lobbisinin fitnəkarlığı sayəsində özlərini  beynəlxalq aləmə  “yazıq, məzlum” millət kimi təqdim edərək belə əsassız, qeyri-ciddi təbliğatlarının uzunömürlü olacağını düşünüblər. Hər bir addımında tarixi ədalətə, beynəlxalq hüquqa söykənən Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həqiqətlərimizin təbliği istiqamətində atdığı addımlar tarixi həqiqətlərimizin bütün dünyaya çatdırılmasına yönəldilmişdi.  Ümummilli Liderin  26 mart 1998-ci il tarixli Fərmanı  ilə  31 Martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması da həqiqətlərimizin təbliğində, dünyaya ədalət, beynəlxalq hüquq məfhumlarının xatırladılmasında mühüm addım oldu. 

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın informasiya cəbhəsində üstünlüyü  uğurlarımızda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarix var, sənədlər var, xəritələr var. Ermənilərin və onlara havadarlıq edən dövlətlərin ölkəmizə qarşı apardıqları əsassız təbliğatların qarşısında Azərbaycanın tarixi faktları dayanır. Tarixi Zəfərimiz, ötən ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması ədalətin təntənəsidir. Artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsi ermənilərin 1988-ci ildə əsassız torpaq iddiaları nəticəsində yaranmışdı. Münaqişə nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün düşdü, 20 faiz torpaqlarımız 30 il işğal altında qaldı. Erməni vəhşiliyinin ən bariz göstəricisi olan Xocalı soyqırımı yaşandı. 32 ildən sonra soydaşlarımızın bu faciəni öz torpaqlarında anmaları tarixi ədalətin, beynəlxalq hüququn Azərbaycanın yanında olmasının nümayişidir. Dövlət başçısı İlham Əliyevin “Faciələrimizi unutmamalıyıq” çağırışı hər birimizin qarşısında bu vəzifəni qoyur ki, təbliğat işinə öz töhfəmizi verək, tariximizin hər bir səhifəsini öyrənək, indiki və gələcək nəsillərə çatdıraq.

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi vurğulayıb ki, bu gün şəhidlərimizin, soyqırımı qurbanlarının ruhu şaddır. Şuşada, Xankəndidə, Xocalıda, Kəlbəcərdə, Laçında, Ağdamda, işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov ermənilərin “böyük Ermənistan” xülyalarından, azərbaycanlılara qarşı törətdikləri kütləvi qətllər və soyqırımı aktlarından bəhs edib. Bildirib ki, 1918-ci il martın 30-da Bakıda başlanan kütləvi qırğınlar Bakı şəhəri ilə məhdudlaşmadı, Şamaxıda, Qubada, Lənkəranda, Muğan bölgəsi və Qarabağda minlərlə kənd yandırıldı, on minlərlə insan vəhşicəsinə qətlə yetirildi. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir,  arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı sübutlar aşkarlanır.

Etibar Əhmədov diqqəti həqiqətlərimizin təbliği istiqamətində atılan addımlara yönəldərək vurğulayıb ki,  Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edildi, həmçinin həmin ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalandı. Heydər Əliyev Fondunun tariximizin, həqiqətlərimizin təbliği istiqamətində həyata keçirdiyi layihələr təqdirəlayiqdir.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ilin mart ayının 26-da imzaladığı Fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu, gələcək nəsillərin həmin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Ulu Öndərin imzaladığı Fərmanla məhz 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsinin həm hüquqi, həm də tarixi əsasları var. Məhz bu iki məqam həmin Fərmanın imzalanmasına zəmin yaratdı. Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə, keçmişini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqq qazandı. Ümumiyyətlə, “soyqırımı” beynəlxalq hüquqi termininin mahiyyəti 1948-ci ildə ilk dəfə BMT-nin İnsan Hüquqları Komitəsinin qəbul etdiyi 264 saylı Konvensiyaya uyğun olaraq müəyyən edilib və bu anlayış bir dövlət, bir siyasi qurum, hərbi təşkilatın bir milləti, xalqı, etnik qrupu qəsdən, bilərəkdən irqi, dini, milli mənsubiyyətinə görə məhvə məhkum etməsini ifadə edir. Məhz bu məqamları nəzərə alsaq, söyləyə bilərik ki, azərbaycanlıların etnik təmizləməyə, deportasiyaya və soyqırımına məruz qalmasının 200 illik tarixi var. Erməni kilsəsinin fitvası, erməni terror təşkilatlarının - Daşnaksütyun, ASALA və digər qruplaşmaların iştirakı ilə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımı həyata keçirilib. Çar Rusiyası, Sovet hökuməti, İngiltərə hökuməti isə onların ilhamvericiləri olub. Bütün bunların hamısı arxiv sənədləri ilə təsdiq olunub.

Tarixçi alim Bəxtiyar Həsənov çıxışında bildirib ki, tarixi  Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması   faciələrimizi,  zaman-zaman ermənilərin həyata keçirdikləri  soyqırımı və deportasiyaları  unutdurmur, ona yeni məzmun  gətirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz heç vaxt  işğalı, erməni vəhşiliyini unutmamalıyıq. Eyni zamanda, onu da unutmamalıyıq ki, bu gün Azərbaycan güclüdür, Ermənistan zəifdir. Ermənistan tərəfinin davranışı da məhz bu amillərə söykənir. Biz real həyatda yaşayırıq və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən bizə qarşı aparılmış etnik təmizləmə siyasətini, Xocalı soyqırımını, işğalı heç vaxt unutmamalıyıq.