Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatıb.

"Unikal" xəbər verir ki vətəndaşlar ölkənin 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibini, həmçinin 50 min 336 kənd və məhəllə muxtarını seçmək üçün səs veriblər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da daxil olmaqla, ümumilikdə, 34 siyasi partiya və müstəqil namizədin yarışdığı seçkidə ölkə üzrə 206 min 845 sandıq qurulub. Bu sandıqların 15 mindən çoxu ötən ilin fevral ayında baş verən dağıdıcı zəlzələdən zərər çəkən bölgələrdə açılıb. Sandıqların bəziləri konteynerlərə yerləşdirilib. Buradakı vətəndaşların səsverməyə gəlmələrini asanlaşdırmaq üçün xüsusi avtobuslar ayrılıb. Müəyyən səbəblərdən seçki məntəqələrinə gələ bilməyən vətəndaşlar üçün ünvanlara səyyar qutular göndərilib.

Yaxın saatlarda Türkiyənin Yüksək Seçki Komissiyasının seçkilərlə bağlı ilkin açıqlama verməsi gözlənilir.

*** 08:31

Türkiyədə bələdiyyə seçkiləri başlayıb.

"Unikal" xəbər verir ki, seçkilərdə 30 böyük şəhərin bələdiyyə sədri seçiləcək.

Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səsvermədə 61,4 milyon seçici iştirak edəcək.

Ölkənin əsas hissəsində seçkilər saat 08:00-da başlayıb 17:00-da başa çatacaq.

Türkiyə MSK-nın qərarına əsasən, səsvermə cədvəlində dəyişikliklər Ramazan ayının özəllikləri nəzərə alınaraq edilib. Bu dəyişiklər 81 vilayətdən 32-nə aiddir.

Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, seçkilərin təhlükəsizliyini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı, eləcə də könüllülər təmin edir.