31 Mart- Azərbaycanlıların Soyqırımı Günü Lənkəran şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə qeyd olunub.

"Unikal" xəbər verir ki, səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının kollektivi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və ictimaiyyətin nümayəndələri abidə önünə tər güllər düzüb, soyqırım zamanı günahsız qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsi dərin hüzn və ehtiramla yad ediblər.
1918-ci ilin mart-aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə daha çox məruz qalan bölgələrdən biri kimi Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük və Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilib. Ümumilikdə Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla  yerlə-yeksan olunub, 2000-dən çox dinc sakin qətlə yetirilib.
Soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə gün ərzində rayon ictimaiyyəti tərəfindən ziyarət edilib. Rayonda yerləşən idarə və təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqırımla bağlı anım mərasimləri, sərgilər, dəyirmi masalar təşkil olunub.