Ukrayna Təhlükəsizlik Xidməti (SBU) RT telekanalının, "Rossiya Seqodnya"nın və Sputnik agentliklərinin baş redaktoru Marqarita Simonyana qarşı cinayət işi açıb.

"Unikal" xəbər verir ki, bu barədə SBU-nun mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

SBU-nun məlumatına görə, Simonyan “2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə” çağırıb və həmçinin “Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb”.

Qeyd olunur ki, SBU müstəntiqləri Simonyanı Ukrayna Cinayət Məcəlləsinin dörd maddəsi, o cümlədən “soyqırım” və “Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd” maddələri ilə şübhəli biliblər.

"Şübhəli şəxs Rusiya ərazisində olduğu üçün onun məsuliyyətə cəlb edilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir”, - deyə idarənin açıqlamasında bildirilir.

Gülayə Mecid