Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının nümayəndələri ilə Bakı Sağlamlıq Mərkəzinin əməkdaşları arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov, YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatının sədri və fəalları iştirak edib.

Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov görüşdə çıxış edərək bildirib ki, Azərbaycan daha bir tarixi hadisəyə imza atdı. Xalqımızın bayram əhval - ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. 7 fevral seçkiləri sıradan bir seçki prosesi deyildi. Müstəqillik tariximizdə ilk dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə vətəndaşlar növbəti 7 il üçün dövlət rəhbərini seçdilər. Bu baxımdan növbədənkənar prezident seçkiləri 44 günlük Zəfər döyüşləri və uğurlu antiterror tədbirlərinin xalq iradəsi ilə təsdiqlənəcək möhürü oldu və bu səbəbdən 7 fevral seçkiləri Zəfər seçkisi kimi tarixə yazıldı. Möhtərəm Prezidentimiz İlham Əliyev prezidentliyin ilk dövrlərindən həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında yerinə yetirmişdir. Azərbaycan dövlətinin ən yeni Şərəf və Zəfər tarixini yazmışdır! Hər bir azərbaycanlı öz Prezidenti ilə qürur duyur!

Özü də ixtisasca həkim olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını daim yüksək qiymətləndirir. Azərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi dövlətin daim diqqət mərkəzində saxlanılır. Səhiyyə xidmətinin ən müasir səviyyəyə çatdırılması, bu sahənin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcud tibb müəssisələrinin əsaslı bərpası yolunda görülən işlərdə Mehriban xanımın xidmətləri əvəzsizdir.

Daha sonra YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov  bildirib ki, Prezident seçkiləri bütün ölkə ərazisində olduğu kimi Nərimanov rayonu ərazisində də yüksək seçici fəallığı ilə seçilib. Yeni Azərbaycan Partiyasının müşahidəçiləri də hər bir məntəqədə qanunauyğun şəkildə səsvermə prosesini izləyiblər. Müşahidəçilərimizin verdikləri informasiyalar da onu deməyə əsas verir ki, səsvermə prosesi, bütövlükdə, həm yüksək fəallıq şəraitində, həm də ədalətli şəkildə keçirilib, rayonumuzda heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçkilərin uğurla və ədalətli şəkildə baş tutması Azərbaycan cəmiyyətində mövcud olan ictimai-siyasi sabitliyin ifadəsi idi.


Sonra ərazi partiya təşkilatlarında fəallığı ilə seçilən üzvlərə təşkilat adından təşəkkürnamələr təqdim olunub.