Aprelin 5-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin və Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Mixail Zabelin və Azər Badamov “Yedinaya Rossiya” partiyasının təşkilatçılığı ilə ölkənin Kalininqrad şəhərində “XXI əsrdə həqiqi sülhün və etibarlı təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif siyasi sistemlərə malik dövlətlərin dinc yanaşı yaşaması prinsiplərinin əhəmiyyəti haqqında” mövzusunda keçirilən dəyirmi masada iştirak ediblər.
"Unikal" xəbər verir ki, görkəmli mütəfəkkir İmmanuel Kantın anadan olmasının 300 illik yubileyinə həsr olunan və 12 ölkədən ictimai-siyasi xadimlərin qatıldığı tədbiri giriş sözü ilə açan “Yedinaya Rossiya” partiyası Ali Şurası Bürosunun üzvü, Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü Andrey Klimov İ.Kantın siyasi fəlsəfəsinin günümüz üçün əhəmiyyətindən bəhs edib. O, mütəfəkkirin öz əsərlərində irəli sürdüyü müxtəlif siyasi sistemlərə malik dövlətlərin dinc yanaşı yaşaması ideyasının dövlətlərin suverenliyi və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanmaqla XXI əsrdə də aktuallıq kəsb etdiyini bildirib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Mixail Zabelin bildirib ki, yeni dünya nizamı müxtəlif siyasi, sosial quruluşlara malik olan dövlətlərin suveren bərabərhüquqluğu və dinc yanaşı mövcudluğu prinsiplərinə əsaslanmalıdır. Onun sözlərinə görə, xalqların əsrlərdən bəri formalaşmış ənənələrinin, milli dəyərlərinin və sosial strukturunun təhlükə qarşısında qoyulması, etnik, dini, siyasi müstəvilərdə nəzərə çarpan ayırıcı xətlər dövlətlərin sabitliyinə mənfi təsir göstərir. M.Zabelin Bakıda cari ilin 8-9 mart tarixlərində “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın və 14-16 mart tarixində Azərbaycan Respublikası Prezidentinin himayəsi altında “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, dünya miqyasında nüfuzlu ictimai-siyasi xadimlərin, ekspertlərin iştirakı ilə qlobal xarakterli məsələlərin müzakirə edildiyi belə tədbirlərin Azərbaycana olan etimaddan xəbər verdiyini söyləyib.
M.Zabelinin sözlərinə görə, öz ərazi bütövlüyünü təmin edən Azərbaycan yeni reallıqlar yaradıb və hazırda regionumuzda sülhün təmin olunmasına çox yaxınıq. Lakin bu vəziyyət Fransa da daxil olmaqla Qərbdə bəzi dairələri narahat edir və onlar Ermənistana təsir göstərərək sülhün bərqərar olmasına mane olmağa çalışırlar. Buna baxmayaraq, Azərbaycan regional təhlükəsizlik kontekstində mühüm təşəbbüslərlə çıxış edir, eyni zamanda, işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır, Böyük Qayıdış prosesi uğurla davam edir.
M.Zabelin qeyd edib ki, multikulturalizm və tolerantlıq ənənələrinin dərin kök saldığı Azərbaycanda müxtəlif dini, etnik mənsubiyyətə malik insanların dinc birgəyaşayışı dövlət siyasətinin prioritetlərindəndir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tərkibində digər vətəndaşlar kimi rusların da şücaət göstərməsi Azərbaycan xalqının birliyinin bariz sübutudur.
YAP İdarə Heyətinin üzvü Azər Badamov isə çıxışında qeyd edib ki, bu gün beynəlxalq hüquqa hörmət edilmir, qlobal qütbləşmə prosesi sürətlənir, suveren dövlətlərin daxili işlərinə müdaxilə adi hala çevrilib. Onun sözlərinə görə, Azərbaycan da belə ikili standartlarla üzləşib, torpaqlarımız 30 ilə yaxın müddətdə işğal altında olarkən beynəlxalq hüquqa məhəl qoyulmayıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalıb. Lakin ölkəmiz öz gücü ilə tarixi ədalətin bərpasına nail olub və məlum qətnamələrin icrasını təmin edib.
A.Badamov bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək bütün ərazilərində suverenliyini tam bərpa etməsi ilə barışmaq istəməyən bəzi Qərb dövlətləri, o cümlədən Fransa ölkəmizə təzyiqlər göstərməyə çalışır. “Fransa və bəzi digər Qərb ölkələri insan haqları, demokratiya və söz azadlığından suveren dövlətlərin daxili işlərinə qarışmaq üçün alət kimi istifadə etmək əvəzinə, qlobal problemlərin həllində həmrəylik nümayiş etdirməlidirlər. Məsələn, Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək ölkə olaraq seçilib. Bu, “yaşıl keçid” sahəsində təşəbbüslərimizin dəstəklənməsinin göstəricisidir və Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfənin daha bir sübutudur. Biz söz azadlığını, insan haqlarını yüksək səviyyədə təmin etmişik. Bütövlükdə hesab edirəm ki, xalqlarımızın və dövlətlərimizin milli maraqlarına zidd fəaliyyət göstərən dairələrin cəhdlərinin qarşısının alınmasında bir-birimizə dəstək olmalıyıq” ,- deyə A.Badamov qeyd edib.
Həmin gün tədbir iştirakçıları İ.Kantın məzarını ziyarət edib, Kalininqrad şəhərinin müxtəlif tarixi abidələri və mədəni obyektləri ilə tanış olublar.