Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşlara qarşı dələduzluq edən, əvvəllər də dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, o, təqaüd alan şəxslərə Bakı şəhərindən 50 manat maddi yardım gətirdiyini deyərək zərərçəkmişlərə üzərində “etibarsızdır” yazılan 100 manatlıq təqdim edib. Pulun qalan hissəsini isə vətəndaşlardan alaraq onların maddi vəsaitini ələ keçirib.
Araşdırmalarla E.Ağayevin respublikanın digər şəhər və rayonlarında da vətəndaşları analoji üsullarla aldatdığı müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir. E.Ağayevin əməllərindən zərər görən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.